Prokuror Azərbaycanda azyaşlı övladını satmaqda təqsirləndirilən anaya cəza istəyib
22 Dekabr 2011 Cümə Axşamı 14:26
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı övladını satmaqda təqsirləndirilən Zöhrə İsgəndərovanın və onun tanışı Murad Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı Valeh Səmədov çıxış edərək, Z. İsgəndərovanın 9, M. Quliyevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses dekabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu, Könüllü kənd sakini Zöhrə İsgəndərova tanışı Murad Quliyevlə birlikdə azyaşlı oğlu Elcanı 10 min manata satarkən yaxalanıblar.
Onlar Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsinə əsasən ittiham olunurlar.
DOSTLARINLA PAYLAŞ: