Polisə məxsus avtomobil qəzaya uğradı
25 Aprel 2011 Bazar Ertəsi 05:40
Avtomobil Xaçmaz polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədova məxsus olub
Bu gecə (25 aprel) saat 02.00 radələrində Bakı – Quba beton yolunun 89-cu kilometrliyi, magistralın Siyəzən rayonu Zarat kəndindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə yerinə dərhal Siyəzən polis şöbəsi, DYP və prokurorluq şöbəsinin əməkdaşları cəlb olunub. Baş dövlət yol polisi idarəsi istintaq və təhqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun ANS-in bölgə müxbirinə verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 2 nəfər isə müxtəlif xəsarət alıb. Qəza Xaçmaz polis şöbəsinin şəxsi heyət üzrə rəis müavini Tanrıverdi Məmmədova məxsus “Mercedes” markalı avtomobilin yolun orta hissəsindəki qoruyucu metal çəpərə çırpılması nəticəsində baş verib. Məlumata görə, avtomobil metal çəpərə çırpıldıqdan sonra beton yolda daha 118 metr sürüklənib.

Qeyd edək ki, qəza nəticəsində həlak olanlar Siyəzən polisi əməliyyat şöbəsinin müvəkkili, 36 yaşlı Xəyyəm Məmmədov və onun həyat yoldaşıdır. Yaralılar isə X. Məmmədovun qardaşı Tanrıverdi Məmmədov və onun həyat yoldaşı Vəfa Dadaş qızı Məmmədovadır.

Faktla bağlı əməliyyat qrupu istintaqa başlayıb. Qəzanın səbəbləri və avtomobili qardaşlardan hansının idarə etməsinin müəyyənləşməsi istiqamətində araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar