Piyadanı vurub qaçan avtobus sürücüsü tutulub
27 Oktyabr 2011 Cümə Axşamı 23:25
22 yaşlı gəncin sürücülük vəsiqəsi olmadan avtobus idarə etməsi aşkar olunub.
Piyadanı vuraraq hadisə yerindən qaçan avtobus sürücüsü artıq məsuliyyətə cəlb olunub. Bu, 22 yaşlı Kələbiyev Orxan Tahir oğludur.
Hadisə 3 gün əvvəl Bakının Nizami rayonunun Naxçıvanski küçəsində, Qara Qarayev prospekti istiqamətinə gedən yolda qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyada 20 yaşlı Rəfiyev Məhəmməd Ramiz oğlu qəfildən 243 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobusun zərbəsinə tuş gəlib və elə hadisə yerində keçinib. 22 yaşlı sürücü isə tez ərazidən uzaqlaşıb.
Artıq faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar aparılır. İstintaq zamanı təqsirləndirilən 22 yaşlı sürücünün əslində sürücülük vəsiqəsi olmadan avtobus idarə etməsi aşkar olunub. Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq gedir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: