Piyadanı öldürən naməlum sürücü qəza yerindən qaçıb
03 İyun 2011 Cümə 06:26
İki rayonun polsləri arasında yaranmış mübahisə səbəbilə isə meyit 3 saat yolda qalıb
Ötən gecə Binəqədi rayonu Mehdiabad yolunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində yolu keçmək istəyən piyada Mingəçevir şəhər sakini Bayramov Xalid Ceyhun oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Piyadanı vuran naməlum avtomaşının sürücüsü isə ona heç bir yardım göstərmədən qəza yerindən qaçıb. Şahidlərin sözlərinə görə piyada Xalid Bayramov ağ rəngli “VAZ 2107” markalı avtomaşın tərəfindən vurulub.
Qeyd edək ki, qəza paytaxtın Binəqədi və Abşeron rayonunun kəsişdiyi yerdə qeydə alındığı üçün hadisə yerində olan polis əməkdaşları bir müddət qəzanın hansı rayonun hüquq mühafizə orqanları tərəfindən araşdırılacağını müəyyən etməkdə çətinlik çəkib. Bu səbəbdən də qəza zamanı dünyasını dəyişən Xalid Bayramovun meyidi təxminən üç saata yaxın sahibsiz vəziyyətdə qaldı.
Ərazinin Binəqədi rayonuna aid olduğunu müəyyən ediləndən sonra qəza baş verən ünvana Binəqədi rayon polis idarəsinin əməliyyat istintaq qrupu cəlb edildi.
Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və 264 yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi başlanılıb.
Hazırda idarənin əməkdaşları tərəfindən piyadanı vuran sürücünün tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: