Pakistanlı və özbəkistanlı narkotacirlərə hökm oxundu
17 Dekabr 2009 Cümə Axşamı 16:40
Məhkəmə dəstə üzvlərinə ümumilikdə 33 il cəza təyin edib
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik alverində təqsirləndirilən Pakistan və Özbəkistan vətəndaşlarına hökm oxunub.
ANS PRESS-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə Pakistan vətəndaşı Həmidullah Bəxbadşah, Özbəkistan vətəndaşları - Manzura Sayfilloyeva və Muyiba Khamarayevanın hər biri 11 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 206-cı (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4.1, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham olunublar. Dəstə üzvləri 2009-cu il iyunun 19-da Dövlət Gömrük Komitəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: