Ötən il insan alverinin qurbanı olan 34 nəfər müəyyən olunub
02 Mart 2011 Çərşənbə 15:21
İnsan Alverinə Qarşı Mübarizə İdarəsi 2010-cu ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi 2010-cu ildə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə bağlı məlumat yayıb. Mübarizə İdarəsinin məlumatına görə, ötən il tədbirlər nəticəsində 183 cinayət faktı qeydə alınıb ki, onlardan 70-i insan alveri, 1-i məcburi əmək, 3-ü seksual hərəkətlərə məcbur etmə, 2-i yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə, 5-i pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma ilə bağlı olub.
63 cinayət fahişəliyə cəlb etmə, 77-i isə əxlaqsızlıq yuvaları saxlama ilə bağlı olub. İnsan alveri cinayəti ilə bağlı isə 70 cinayət faktı qeydə alınıb. Cinayətləri törətdiklərinə görə 39 şəxs cinayət məsuliyyətinə cəlb edilib və insan alveri qurbanı olan 34 nəfər müəyyən olunub. Bu müddət ərzində keçirilən tədbirlər nəticəsində 8 cinayətkar qrup aşkar olunub. İctimai mənəviyyata zidd hərəkətlərə yol verdiyinə görə AR İnzibati Xətalar Məcəlləsinin 308-ci maddəsi ilə 109 nəfərə inzibati protokol tərtib edilib, dövlət nəfinə 4.251 manat pul ödətdirilib.
Müəyyən edilən 34 qurbandan 27-si Sığınacağa yerləşdirilib, onların əksəriyyəti cəmiyyətə reinteqrasiya olunub, qurbanların hamısına hüquqi, tibbi və psixoloji yardımlar göstərilib. İnsan alveri qurbanlarının uşaqlarından 2-si internat məktəbinə, 5-i isə uşaq bağçasına yerləşdirilib. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 30 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər, 5 nəfərə isə İnsan alveri qurbanlarına Kömək Fondundan yardımlar verilib.
DOSTLARINLA PAYLAŞ: