“Oskar Qrup” MMC-nin direktoru barəsində araşdırmalar başlanıb
21 Aprel 2009 Çərşənbə Axşamı 17:30
MMC rəhbəri Muxtar Bayramov Sahil qəsəbəsində 300-dək vətəndaşı aldadaraq onlara yarımçıq və yarasız binada ev satıb

Qaradağ rayon Prokurorluğunda “Oskar Qrup” MMC-nin direktoru barəsində araşdırmalara başlanıb. Prokurorluqdan ANS PRESS-ə verilən məlumata görə, cəmiyyətin direktoru Muxtar Bayramov  vətəndaşları aldadaraq onlara Sahil qəsəbəsində yararsız və yarımçıq binalarda ev satıb. Onun əməlindən 300-dək zərərçəkmiş var. Hazırda faktla bağlı araşdırma aparılır.

M. Bayramovun əməlindən zərərçəkmiş Bəxtiyar Babayev ANS PRESS-ə bildirib ki, ötən il martın 27-də “Oskar Qrup” MMC-nin direktoru M. Bayramovla 10 mərtəbəli binada qiyməti 22 360 manat olan 1 otaqlı 52 kvadrat metrlik mənzil alışı üçün müqavilə bağlayıb. Bu günə kimi 16 500 manat ödədiyini deyən zərərçəkmiş müqavilə bağladıqdan sonra mənzilin başqa şəxsə satıldığını deyir: “Muxtar Bayramov evin pulunun ödənişini davam etdirməyim üçün problemin həll olunduğuna məni inandırdı. Hazırda həmin binanın heç birinci mərtəbəsi də tikilməyib. Muxtar Bayramovdan səbəbini soruşanda hər dəfə pulu vaxtında ödəməyimi bəhanə gətirir, pulları nəyə xərclədiyini demir. Hazırda ofisi bağlıdır, özü ilə isə əlaqə saxlamaq alınmır”.

Muxtar Bayramov ANS PRESS-ə bildirib ki, sabahdan başlayaraq tikinti prosesi başlayacaq. Onun sözlərinə görə, müəyyən səbəblərdən tikinti dayandırılmışdı.

Anar Məmmədov /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar