Ordu Liviya paytaxtındakı xalq etirazlarını yatırır
22 Fevral 2011 Çərşənbə Axşamı 00:31
Aviasiya Tripolinin yaşayış məntəqələrini bombalayır
Liviyanın paytaxtı Tripolidə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə nümayişçilər arasında ötən gün baş verən toqquşmalar 160 nəfərin həyatına son qoyub. Məlumatı “Reuters” agentliyi ərəb KİV-inə istinadən yayıb. Həlak olanlarla bağlı məlumat “Əl Ərəbiyyə” telekanalında qaçan sətirlərlə verilib. “Əl Cəzirə” telekanalı isə 250 nəfərin ölməsi barədə məlumat yayıb. Məlumata görə, aviasiya paytaxtın yaşayış məntəqələrini bombalayır. Şəhər mühasirədədir. Küçələrdə muzdlu dəstələr gəzir və əhalini gülləbaran edir.

Liviya və digər ərəb telekanalları bir qədər əvvəl məlumat yaymışdılar ki, Tripolidə xalq etirazlarının yatırılması üçün irimiqyaslı əməliyyat başlayıb. “Əl Cəzirə” telekanalının məlumatına görə, nümayişçilərin dağıdılması üçün hərbi aviasiyadan istifadə edilir. Əməliyyatların başlaması ilə eyni vaxtda bütün Liviya ərazisində telefon rabitəsi kəsilib.

Liviyada 42 ildir ölkəyə rəhbərlik edən Müəmmər Qəddafinin istefası tələbilə etiraz aksiyaları fevralın 15-dən keçirilir. Beynəlxalq təşkilatların məlumatına görə, Tripolinin bombalanmasınadək iğtişaşlar nəticəsində 500 nəfər ölmüşdü. Yaralıların sayı 4000 nəfərə yaxındır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar