Ölkədə quş qripi tapılmadı
13 May 2011 Cümə 11:01
Dövlət Baytarlıq Xidməti növbəti monitorinqin nəticəsini açıqlayıb
"Quş qripi" xəstəliyi ilə bağlı Azərbaycan ərazisində növbəti monitorinq keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin ANS PRESS-ə verdiyi məlumata görə, monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 18 baş çöl quşunun patoloji materialı, ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 828 baş ev quşunun qan nümunələri, eləcə də 19 baş ev quşunun patoloji materialı Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. Müayinə olunmuş nümunələrin heç birində “quş qripi ” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti ölkəmizin “quş qripi” xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında “quş qripi” xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

Hal-hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar