Obama Nyu-Yorku təbii fəlakət zonası elan etdi
27 Avqust 2011 Şənbə 04:24
Şəhərdə nəqliyyatın hərəkəti dayandırılacaq, körpülərin bağlanacağı gözlənilir
ABŞ prezidenti Barak Obama “Ayrin” qasırğasına hazırlaşan Nyü-York ştatında fövqəladə vəziyyət elan edilməsi barədə bəyannamə imzalayıb. Administrasiya rəhbərinin bu addımı yerli hökumətə federal mərkəzdən yardım alman imkanı verəcək.
“Prezident Milli Təhlükəsizlik Nazirliyi və Fövqəladə Hallar üzrə Federal Agentliyə (FEMA) əhaliyə yardım göstərilməsi ilə bağlı bütün səyləri əlaqələndirməyi tapşırıb”, - Ağ evin məlumatında deyilir. Bundan başqa, FEMA-ya fövqəladə vəziyyətin nəticələrinin yüngülləşdirilməsi üçün resurs və avadanlıqlardan istifadə hüququ verib.
Xatırladaq ki, Nyu-York meri Maykl Blumberq bir neçə saat əvvəl 250 min sakinin məcburi köçürülməsi barədə göstəriş verib. Şəhər meri bildirib ki, evakuasiya şənbə günü yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə bazar günü 01.00), xüsusi sığınacaqlar açıldıqdan sonra başlayacaq.
“Ayrin” qasırğasının yaxınlaşması ilə əlaqədar yerli vaxtla bu gün günorta (Bakı vaxtı ilə saat 21.00) Nyu-Yorkda ictimai nəqliyyatın hərəkəti dayandırılacaq. Bundan başqa, əgər küləyi sürəti 100 km/saata çatsa, şəhərdəki körpülərin əksəriyyəti bağlanacaq.
Qasırğaların izlənməsi üzrə Milli Mərkəzin son məlumatına görə, “Ayrin” Şimali Korolinanın təxminən 400 kilometrliyindədir. Episentrdə küləyi sürəti 160 km/saat təşkil edir.
DOSTLARINLA PAYLAŞ: