Novxanı sakini ürəyindən bıçaqlandı
13 May 2011 Cümə 06:25
Xəstəxanaya çatdırılan yaralının vəziyyəti ağır olaraq qalır
Ötən gecə Abşeron rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. Rayonun Novxanı qəsəbəsi, Bağlar massivində yaşayan 28 yaşlı Əliyev Emin Əmralı oğlu bıçaq yarası alaraq 1 saylı xəstəxanaya müraciət edib. Daxil olarkən yaralının çoxlu miqdarda qan itirdiyini nəzərə alan həkimlər onu təcili olaraq cərrahi əməliyyata qaldırıblar.
Həkim Rövşən İbrahimov döş qəfəsinin sol yarısından bıçaq xəsarəti alan zərərçəkmişin yarasının tikildiyini, onun vəziyyətinin ağır olaraq qaldığını deyib.
Həkimlər həmçinin xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam etdirilən Emin Əliyevin səhhəti üçün hər hansı ciddi təhlükənin olmadığını da bildiriblər.
Baş vermiş qanlı hadisənin təfərrüatlarını Abşeron rayon polis şöbəsinin istintaqçıları araşdırır. Yaralının əməliyyatdan sonra da vəziyyəti ağır qaldığı üçün onun dindirilməsi hələlik mümkün olmayıb. Əliyev isə əməliyyata qədər həkimlərə yıxılaraq xəsarət aldığını bildirib. Emin Əliyevin üzərində cərrahi əməliyyat işi aparan həkim heyəti isə həmin yaranın məhz kəsici-deşici alətlə törədildiyini deyib. Buna əsaslanan polis Əliyevin ürək nahiyəsinə bıçaq saplayan şəxsi axtarır.
DOSTLARINLA PAYLAŞ: