Neolit şadlıq evində baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumat yayılıb
06 Yanvar 2012 Cümə 16:17
Cinayət işi üzrə istintaq davam etdirilir.
“Neolit” şadlıq evində baş verən silahlı insidentlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 2-də saat 20:30 radələrində paytaxtın Nizami rayonunda - M. Əliyev küçəsində yerləşən və çoxsaylı insanların istirahət etdiyi “Neolit” restoranının qarşısında ictimai qaydanın kobud surətdə pozulmaqla vətəndaşların rahatlığına qəsd edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hadisəsi qeydə alınıb.
Həmin tarixdə Bakı şəhər sakini, heç bir yerdə işləməyən Şahin Rabil oğlu Hüseynli sərxoş vəziyyətdə əylənmək üçün qeyd edilən restorana gələrək özünə məxsus “Jaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamadığı üçün restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Restoranın əməkdaşlarının iradlarını qəbul etməyən Şahin Hüseynli intizama dəvət edilsə də, əksinə o, bundan daha da əsəbiləşərək ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsilə müşayiət olunan hərəkətlər edərək avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb. Bu zaman restoranda istirahət edən çoxsaylı insan vahiməyə düşərək restoranı tərk edib. Foyedə olan Fəxrəddin Firdovsi oğlu Nağıyev isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb.
Dərhal hadisə yerinə gələn Nizami rayon Polis İdarəsinin polis nəfərləri Şahin Hüseynli zərərsizləşdirilib.
Qeyd edək ki, fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə yerinə baxış keçirilib, Şahin Hüseynlinin cinayətdə istifadə etdiyi tüfəng maddi sübut kimi götürülüb. İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. Cinayətin törədilməsində təqsirli bilinən Şahin Hüseynliyə həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: