NATO aviasiyası Tripoliyə növbəti zərbələr endirib
07 İyun 2011 Çərşənbə Axşamı 10:19
NATO baş katibi Liviya liderinin hərbi gücünün artıq zəiflədiyini bildirib
Liviya paytaxtı Tripoli yenidən NATO qüvvələrinin aviazərbələrinə məruz qalıb. Liviyanın daxili işlər nazirinin müavini Xalid Kaim bildirib ki, aviazərbələr zamanı hökumət binası, məktəb və televiziya mərkəzi hədəfə alınıb. NATO rəsmiləri isə aviazərbələr zamanı Liviyanın dövlət televiziya binasının hədəfə alındığı təkzib edib. NATO rəsmiləri aviazərbələr zamanı raket anbarlarının, radar sisteminin, Liviya hərbçilərinin komandanlıq və nəzarət məntəqələrinin hədəfə alındığını qeyd edib.

Xalid Kaim eyni zamanda Liviya lideri Müəmmər Qəddafinin istefasının onların gündəliyində olmadığını deyib. Onun sözlərinə görə Liviyada sülhün bərqərarını vəd edən müxtəlif diplomatik cəhdlərə baxmayaraq onlara əsl atəşkəs və razılıq lazımdır. Xalid Kaim eyni zamanda ölkənin gələcəyi ilə bağlı qərarı ABŞ, NATO -ya üzv ölkələr deyil, Liviya xalqının verməli olduğunu israr edib.

NATO-nun aviazərbələri Liviya liderinin hərbi gücünü elə zəiflədib ki, o, çox güman ki tezliklə hakimiyyətdən devriləcək. NATO baş katibi Anders Foq Rasmussen Vyanada keçirdiyi mətbuat konfransında bunu bəyan edib. O, bildirib ki, koalisiya qüvvələrinin aviazərbələri nəticəsində Liviyada 1800-dək hərbi məntəqə dağılıb və məhv edilib.

«Qəddafi ölkənin çox hissəsinə nəzarəti itirib, hər gün onun ətrafındakı daha çox insan onu tərk edir, Liviyada mövcud rejim hər gün ölkədən və beynəlxalq aləmdən daha da təcrid olur. Qəddafi Liviyanın keçmişinin bir hissəsidir, gələcək isə Liviya xalqına məxsusdur.»-deyə Anders Foq Rasmussen bildirib.

Ötən həftə NATO-nun Liviyadakı missiyasının daha 3 ay müddətinə uzadılması barədə qərar çıxarılsa da, alyansın baş katibi Liviyada hazırki missiyanın demək olar ki bitdiyini bildirib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar