Müdafiə Nazirliyi təyyarə qəzası ilə bağlı məlumat yayıb
04 Fevral 2011 Cümə 12:35
Faktla bağlı cinayət işi açılıb
Müdafiə Nazirliyi dünən qəzaya uğrayan hərbi təyyarə ilə bağlı rəsmi məlumat yyaıb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə daxil olan məlumatda bildirilir ki, fevralın 3-də saat 17:25-də Hərbi Hava Qüvvələrinə məxsus SU 25 hərbi təyyarəsi təlim zamanı qəzaya uğrayıb. Təyyarənin qabaq şassisi açılmadığından ekipaj bir ençə dəfə yerə enmək üçün təlimata uyğun bütün tədbirlərdən istifadə edib. Lakin şassi yenə də işə düşməyib.

"Bu müddət ərzində ekipaj komanda məntəqəsi ilə daimi əlaqədə olub. Sonda yerə enmək imkanı tükəndiyindən ekipaja təyyarəni yaşayış massivindən uzaqlaşdırıb katapult etmək əmri verilib. Təyyarə yaşayış massivindən 18 km aralıda boş əraziyə düşüb. Hadisənin səbəbləri araşdırılır", deyə məlumatda qeyd olunub.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov isə APA-ya bildirib ki, faktla bağlı Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda hadisə yerinə baxış keçirilir. Qəzanın səbəbləri Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin şöbə rəisi Cəfər Cəfərov, mühüm işlər üzrə müstəntiqləri, prokuror-kriminalistləri və Tərtər Hərbi Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu tərəfindən araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar