MTN İrandan narkotik gətirən 24 nəfəri saxlayıb
27 May 2010 Cümə Axşamı 16:10
Onlardan 254 kiloqrama yaxın narkotik götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi narkotik qaçaqmalçılığı ilə məşğul olan 24 nəfəri ifşa edib. Nazirliyin İctimaiyyətlə Əlaqələr Mərkəzindən ANS PRESS-ə daxil olan məlumata görə, son bir ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycana, buradan isə Rusiya ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 24 nəfər, o cümlədən Azərbaycan Respublikasının 22, Rusiya Federasiyasının 2 vətəndaşı ifşa olunaraq yaxalanıb. Onlardan ümumilikdə 254 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb, 11 iş üzrə isə cinayət işi başlanılıb.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti arasında əməliyyat informasiyası mübadiləsi nəticəsində “İran-Azərbaycan-Türkiyə-Rusiya” marşrutu ilə külli miqdarda narkotik vasitələrin daşınmasının qarşısı alınıb. Məlum olub ki, Azərbaycan Respublikasının vətəndaşları – Myasnikov Zeynal Sergey oğlu, Həsənov Tacəddin Arif oğlu, Bağışov Mehman Sabir oğlu, hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq bir qrup şəxs halında narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.
Müəyyən edilib ki, Zeynal Myasnikov, Tacəddin Həsənov, Mehman Bağışov və həmin iranlılar arasında narkotik vasitələrin qaçaq yolla İrandan Azərbaycana, sonradan isə eyni üsulla Türkiyə Respublikasına, oradan da Rusiya Federasiyasına göndərilməsi barədə əvvəlcədən razılıq əldə ediliblər. Bu razılaşmaya əsasən, İran vətəndaşları 102 kiloqram 716 qram həşiş qətranını yük maşınında gizlədərək qaçaq yolla İrandan Azərbaycana göndəriblər. Narkotik vasitələr “Avrasiya” nəqliyyat daşımaları şirkətinin Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ev 10/22 ünvanında yerləşən anbarında gizlədilib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən anbarda keçirilmiş baxış zamanı kisələrin içindən həmin narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.
Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Rusiya Federasiyasının Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidməti(NDNX) tərəfindən Moskva şəhərində birgə keçirilmiş digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Rusiya Federasiyasının vətəndaşı Adilxanov Radik Aliyeviç saxlanılmış, ondan 126 qram kokain və 6 kiloqram həşiş aşkarlanıb.
MTN və NDNX tərəfindən Rusiya ərazisində birgə keçirilmiş növbəti əməliyyat tədbiri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Turabov Rüfət Əlisəftər oğlu saxlanılıb və üzərinə baxış zamanı 7 kiloqram 400 qram tiryək tapılıb.
MTN və NDNX tərəfindən birgə keçirilmiş daha bir əməliyyat tədbiri nəticəsində Tümen şəhərində «Bakı-Tümen» sərnişin qatarının bələdçisi Vəliyev Rövşən Rəşid oğlu saxlanılmış, onda 20 kiloqram 528 qram tiryək götürülüb.
MTN və NDNX tərəfindən birgə keçirilmiş növbəti əməliyyat tədbiri ilə Yekaterinburq şəhərində “Bakı-Tümen” sərnişin qatarında Azərbaycan Respublikasının vətəndaşları - Məmmədov Allahverdi Məhərrəm oğlu, Əliyev Əfsər Qarsalan oğlu, Hüseynov Abdulxeyir Musa oğlu, Hüseynov Bəhruz Xanoğlan oğlu və Rəhimov Məcid Elbrus oğlu saxlanılmış, onlardan 22 kiloqram həşiş aşkarlanıb.
Milli Təhlükəsizlik Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində isə Azərbaycan Respublikasının vətəndaşı Məmmədov İlqar Süleyman oğlu yaxalanaraq məsuliyyətə cəlb olunub. Araşdırma zamanı müəyyən edilib ki, İlqar Məmmədov və qeyriləri qabaqcadan əlbir olaraq narkotik vasitə olan 36 kiloqramdan artıq həşiş qətranını və 15 kiloqram 0,38 qram tiryəki satış məqsədilə qanunsuz olaraq əldə edib, saxlayıb və daşıyıblar.
“İran-Azərbaycan-Rusiya” marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Xancanov Ağalı Miralı oğlu, Bəşirov Qalası Məhərrəm oğlu və Sadıqov Saleh Sadıx oğlu yaxalanıb, onlardan 702,2 qram heroin aşkar edilərək götürülüb.
Digər əməliyyat tədbiri nəticəsində “İran-Azərbaycan-Rusiya” marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Quliyev İbrahim Yolçu oğlu, Məmmədov Taleh Müzəffər oğlu və Cavadova Aygün Habil qızı yaxalanmış, onlarda 9 kiloqramdan artıq həşiş aşkar edilib.
Daha bir əməliyyat tədbiri ilə eyni marşrut üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Seyidov Elşən Bəhram oğlu və Tarıverdiyev Rizvan Dadaşbala oğlu yaxalanıb. Onlardan 1 kiloqram 156 qramdan artıq heroin, həşiş və tiryək aşkarlanaraq götürülüb.
Növbəti əməliyyat tədbiri nəticəsində İrandan Azərbaycandan keçməklə Rusiyaya narkotik vasitələrin qanunsuz daşınmasına cəhd göstərən Azərbaycan Respublikasının vətəndaşları - Məhərrəmov Mübariz Rəcəb oğlu, Rəhimov Zərxan Raqif oğlu, Məmmədov Mikayıl İsa oğlu, İmaməliyev Əflatun Hacırza oğlu, İmaməliyev Sərvər Muxtar oğlu və İmaməliyev Hikmət Muxtar oğlu yaxalanıb, onlardan 32 kiloqram 845 qram həşiş aşkar edilərək götürülüb.
Bütün faktlar üzrə cinayət işləri başlanılıb, digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: