MTN Heydər Əliyev Fondu adından istifadə edən dəstəni ifşa etdi
21 Dekabr 2009 Bazar Ertəsi 16:25
MTN Heydər Əliyev Fondu adından istifadə edən dəstəni ifşa etdi. Dəstə üzvləri 809 min manat və 300 min dollar mənimsəyib.
Milli Təhlükəsizlik Nazirliyi ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə etmə və aldatma yolu ilə dələduzluqla məşğul olan bir qrup şəxs yaxalanıb. Bu barədə ANS PRESS-ə MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat verilib. Müəyyən edilib ki, əvvəllər dələduzluq cinayətinə görə məhkum olunmuş - 61 yaşlı Kamil Seyidov, 42 yaşlı Arif Hüseynov, 34 yaşlı Anar Abbasov, həmçinin 28 yaşlı Muxtar Vəliyev, 53 yaşlı Nadir Qasımov, 52 yaşlı Rövşən Rəhimov və 57 yaşlı Vaqif Ələkbərov qabaqcadan əlbir olaraq dələduzluqla məşğul olublar.

Belə ki, onlar bir qrup şəxs halında Muxtar Vəliyevə məxsus tikinti-inşaat işlərinin layihələşdirilməsi üzrə fəaliyyət göstərən «Master-Dizayn» şirkətinin texniki imkanlarından istifadə edib hazırladıqları saxta müqavilə və layihələri təqdim etməklə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olan çoxlu sayda iş adamına guya, Heydər Əliyev Fondu və ayrı-ayrı dövlət orqanları tərəfindən maliyyələşən müxtəlif tikinti sifarişlərinin veriləcəyi barədə yalan vədlər verib aldatma yolu ilə həmin şəxslərin əmlaklarını ələ keçirərək, onlara külli miqdarda ziyan vurublar.

İstintaqın hazırkı mərhələsində qrupun üzvləri tərəfindən son iki ildə müxtəlif vaxtlarda həmin iş adamlarından təxminən 809 min manat və 300 min ABŞ dolları məbləğində pulun dələduzluq yolu ilə ələ keçirildiyi müəyyən edilib.

Faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanılıb, K.Seyidov, A.Hüseynov, A.Abbasov, N.Qasımov, M.Vəliyev, R.Rəhimov, və V. Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Adları qeyd olunan şəxslərin dələduzluq əməllərindən zərər çəkmiş digər vətəndaşlardan MTN və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur (əlaqə telefonu: 405-99-99).
İş üzrə bütün halların araşdırılması üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar