MTN 20 nəfəri yaxalayıb
26 Aprel 2011 Çərşənbə Axşamı 17:10
Onlar qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olublar.
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son bir ay ərzində həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 20 nəfər ifşa olunaraq yaxalanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən verilən məlumata görə, onlardan ümumilikdə 27 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində uzun müddət cəzasızlıq şəraitində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri yaxalanıb.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları - Şamilov Namiq Əhməd oğlu, Xubaliyev Sərraf Şəkərali oğlu, Ələkbərova Arzu İsa qızı, Şamilov Tahir Əhməd oğlu, Yaraliyev Ramiz Pirəli oğlu, Bəkirov Vüsal Ərəstun oğlu, Qasımova Asya Çingiz qızı, Şamilov Zöhrab Əhməd oğlu, Şamilov Həzrət Zöhrab oğlu, Əhmədov Elnur Sabir oğlu, Şamilov Məcid Tahir oğlu və digərləri mütəşəkkil dəstənin tərkibində külli miqdarda narkotik vasitələri satış məqsədilə qaçaq yolla İrandan Azərbaycan ərazisinə gətirib. Eləcə də qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlamış və xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıqları üçün təhlükəli zor tətbiq etməklə müqavimət göstəriblər. Əməliyyat zamanı MTN əməkdaşlarından bir necəsinin müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq, dəstənin üzvlərinin zərərsizləşdirilməsi tədbirləri müvəffəqiyyətlə nəticələnib.

Keçirilmiş baxışlar zamanı N.Şamilovun üzərindən, idarə etdiyi "Volkswagen Tiguan" markalı avtomaşınından və yaşadığı mənzildən külli miqdarda narkotik vasitə olan 147,373 qram heroin, digər mənzilindən 1 ədəd "Mauzer" tipli tapança və ona aid 7 ədəd patron, S.Xubaliyevin üzərindən və idarə etdiyi "Mercedes Benz" markalı avtomaşından 495,135 qram heroin, T.Şamilovun üzərindən 3,397 qram heroin, A.Ələkbərovanın üzərindən 116,3 qram heroin, R.Yaraliyevin üzərindən 4,196 qram heroin, A.Qasımovanın üzərindən 28,107 qram heroin, V.Bəkirovun üzərindən 2,855 qram heroin, H.Şamilovun üzərindən 0,161 qram heroin, eləcə də E.Əhmədova məxsus idman çantasının içərisindən 14,522 qram heroin, Z.Şamilovun mənzilindən 313,4 qram heroin, habelə N.Şamilova məxsus 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

MTN-in digər əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - İdrisov Bəhram Fərman oğlu və Ələkbərov Tərlan İlyas oğlu saxlanılıb. Keçirilmiş baxış nəticəsində onlardan 2 kiloqram 784 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, Bəhram İdrisov, Tərlan Ələkbərov, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.

Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşgul olan Azərbaycan vətəndaşları - Nağıyev Samir Xanəhməd oğlu, Abbasov Azad Vidadi oğlu və Nəsirova Səidə Hüseynqulu qızı saxlanılmış, 12 kiloqram 757 qram həşiş aşkar edilərək götürülüb. Müəyyən edilib ki, adları qeyd olunan şəxslər və hazırda şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə Səidə Nəsirovanın sifariş etdiyi həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycan ərazisinə gətiriblər.

Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşları - Həsənov Nizami Məhərrəm oğlu, Səfiyev Qaçay Xasay oğlu və Qarayev Çingizxan İslam oğlu saxlanılmış, onlardan külli miqdarda - 570 qramdan artıq heroin aşkarlanaraq götürülüb. Məlum olub ki, adları çəkilən şəxslər, habelə hazırda şəxsiyyəti istintaq tərəfindən araşdırılan İran vətəndaşı qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni qaçaq yolla İrandan ölkəmizə gətiriblər.

Aprelin 23-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Azərbaycan vətəndaşı Tahirov Əflatun Əhməd oğlu saxlanılıb. Ondan 10 kiloqrama yaxın həşiş aşkarlanaraq götürülüb.

Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir - deyə MTN-nin məlumatında bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar