Moskvadan gələn muzdlu qatil Bakıda iş adamını qətlə yetirib
02 İyul 2010 Cümə 10:45
Rusiyada yaşayan azərbaycanlı biznesmenlər 5 milyon dolları bölə bilməyiblər.
Bakıda baş verən ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə məlumat verilib.

Məlumata görə, ötən ilin oktyabr ayında paytaxt sakini Rauf Həsənovun idarə etdiyi "Nissan-Teana" markalı avtomobillə evdən çıxıb geri qayıtmaması, noyabrın 5-də isə həmin nəqliyyat vasitəsinin Quba şəhərində yanmış vəziyyətdə tapılması faktı ilə əlaqədar aparılmış istintaq-əməliyyat tədbirləri ilə cinayətin iştirakçılarından olan Fərhad Süleymanov müəyyən edilib. O, fevral ayında Heydər Əliyev adına Beynəlxalq hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb. Yaşadığı ünvanda və bağ evində aparılan axtarışla ona məxsus İtaliya istehsalı olan 1 tapança və 8 patron aşkar edilib götürülüb.
İstintaq prosesində F.Süleymanov qətlin digər iştirakçıları barədə məlumat verib, eləcə də cinayətin icraçısına "Makarov" tipli tapança verdiyini etiraf edib.

Məlum olub ki, zərərçəkmiş Rauf Həsənovun Moskva şəhərində yaşayan Mustafa Aslanovla birgə kommersiyadan əldə etdikləri 5 milyon ABŞ dollarının bölüşdürülməsi zamanı aralarında narazılıq yarandığından sonuncu onu öldürmək qərarına gəlib və bu məqsədlə Moskvada yaşayan tanışı İlya Şabanovu Bakı şəhərinə göndərib. 2009-cu il oktyabrın 31-də Nərimanov rayonu ərazisində İlya Şabanov Rauf Həsənovla görüşərək onu Fərhad Süleymanovla birgə Goradil qəsəbəsindəki bağ evinə gətirib və orada tapançadan bir neçə dəfə atəş açaraq qətlə yetirib.

Onlar cinayətin izini itirmək məqsədilə meyiti Samur-Abşeron kanalına atıblar. Fərhad Süleymanov isə Rauf Həsənovun avtomobilini Quba şəhərinə apararaq orada yandırıb.

Rauf Həsənovun meyiti isə 2010-cu il mayın 27-də Xızı rayonunun ərazisindən keçən Samur-Abşeron kanalındakı su təmizləmə kollektorunda aşkarlanıb.

Fərhad Süleymanov ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib, cinayətin ölkənin hüdudlarından kənarda olan digər iştirakçıları barədə axtarış elan edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar