Moskvada iki azərbaycanlı iş adamının öldürülməsi ilə bağlı yaradılmış operativ-istintaq qrupu qətlin sifarişli olduğu versiyasını nəzərdən keçirir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prokurorluğu İstintaq Komitəsinin KİV-lə iş idarəsindən deyiblər. İdarədən bildiriblər ki, cinayət qətlə yetirilən şəxslərin kommersiya fəaliyyəti ilə bağlı ola bilər. İstintaqın məlumatına əsasən mayın 13-də yerli vaxtla saat 20.40-da iki naməlum şəxs İzmaylovo şosesində, “Botik Petra” kafesinin əks tərəfində, 69 saylı evin qarşısında BMV avtomobilini atəşə tutublar. Avtomobildəki Rusiya vətəndaşı Məmmədağa Baba oğlu Hüseynov və Azərbaycan vətəndaşı Qəşəm Mədət oğlu Verdiyev aldıqları güllə yaralarından keçiniblər. Avtomobildə 22 avtomat və 6 tapança gülləsinin yeri müəyyən edilib. Hüquq-mühafizə orqanları öldürülən şəxslərin qətl və digər ağır cinayətlərlə bağlı beynəlxalq axtarışda olduğunu açıqlayıblar. Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (iki və daha artıq şəxsin öldürülməsi) və 222-ci maddəsi (qanunsuz silah dövriyyəsi) ilə cinayət işi qaldırılıb. Cinayəti törədən şəxslərin müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri aparılır.
APA