Moskva 9 yaşlı Farizin qətlinə təəssüflənib
24 Mart 2011 Cümə Axşamı 23:14
Aleksandr Lukaşeviç: “Faciə ilə nəticələnən istənilən hadisə əlbəttə ki, təəssüf doğurur”
Moskva ümid edir ki, Azərbaycan və Ermənistan arasında cəbhədə faciə ilə nəticələnən insidentlər təkrar olunmayacaq, çünki bu kimi hallar Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etmir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç martın 24-də bildirib. O, Rusiyanın bu kimi hallardan təəssüfləndiyini də deyib.
Qeyd edək ki, erməni snayperi bu il martın 8-də Orta Qərvənd kəndinin sakini, 9 yaşlı Fariz Bədəlovu qətlə yetirib. Lakin həm separatçı Dağlıq Qarabağ rejimi, həm də Ermənistan azyaşlının öldürülməsi ittihamını qəbul etmir.
9 yaşlı oğlanın öldürülməsinə Rusiyanın reaksiyası barədə sualı cavablandıran A. Lukaşeviç bunları deyib: “Bu insidentdən xəbərim var. ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin təmas xəttində vəziyyəti araşdırılmaq səlahiyyəti olan missiyası regionda iş aparıb. Faciə ilə nəticələnən istənilən hadisə əlbəttə ki, təəssüf doğurur”.
XİN rəsmisi bu cür insidentlərin azalacağına ümid etdiklərini də vurğulayıb: “Lakin daha ideal olardı ki, belə hallar ümumiyyətlə baş verməsin. Tərəflərin əməkdaşlıq və dialoq üçün lazımi addımlar atması zəruridir”.
DOSTLARINLA PAYLAŞ: