Misirin azərbaycanlı şəhidi...
05 Aprel 2011 Çərşənbə Axşamı 23:22
Misir xalqı Nicat Qocayevi inqilab qurbanları sırasına daxil etdi və həmvətənliləri ilə birgə şəhidlik zirvəsinə qaldırdı
ANS TV-nin xüsusi müxbiri Vahid Mustafayev Qahirədədir və onun bu günkü reportajı Misir inqilabı zamanı həlak olmuş həmyerlimiz, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşı Nicat Qocayev haqqındadır. Vahid Mustafayevin reportajında həmyerlimizin ömrünün son saatlarında göstərdiyi qəhrəmanlığından bəhs edilir.

2011-ci ilin yanvar ayının sonu çoxlarının yaddaşında Misir xalqının inqilabı kimi qalacaq. Amma Azərbaycan xalqı üçün bu həm də ağır bir itki günü kimi yadda qalacaq. Hüsnü Mübarək iqtidarı ilə xalq kütlələri arasındakı qarşıdurmanın ən ağır günlərində paytaxt Qahirədə yerləşən Azərbaycan səifrliyinin əməkdaşları öz vəzifələrini layiqincə yerinə yetirirdilər. O günlər səfirlik fövqəladə rejimdə işləyirdi. Əsas vəzifə Misirdə yaşayan Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək, imkan daxilində onların vətənə və ya daha təhlükəsiz yerə evakuasiyası idi.

Qahirə daha çox döyüş meydanına bənzəyirdi. Müxtəlif silahlardan müxtəlif istiqamətdə açılan atəşlər bu günün statistikasına görə 800-dən çox həyata son qoydu. Bunların arasında Azərbaycan səfirliyinin əməkdaşı Nicat Qocayev də var idi. Artıq bizim yaddaşımızda faciə günü kimi qalan 2011-ci il yanvarın 28-i tarixində Nicat Qocayev öz avtomobilini Qahirənin Maidə adlandırılan məhəlləsində idarə edirdi. Güllə əvvəl arxa qapını, sonra isə qabaq sağ oturacağı deşib Nicata dəydi. Bu, Azərbaycan diplomatını sükanı əlindən buraxmağa məcbur edə bilmədi. Nicat maşında olan digər sərnişinlərin həyatını təhlükəyə atmamaq naminə dəhşətli ağrı ilə mübarizə apararaq saatda 90-100 km sürətlə hərəkət edən avtomobili sonadək idarə edib təhlükəsiz bir yerdə saxlamaqla, maşında olan digər azərbaycanlıları xilas etdi. Hadisə yerinə gələn səfirliyin digər əməkdaşları Nicata yardım etmək üçün əllərindən gələni etsələr də, onu xilas edə bilmədilər.

“Elə gün olmur ki, Nicat xatırlanmasın, onun barəsində danışılmasın. Yeri görünür. Çox təəssüf edirik, həlak olanda, yanında əməkdaşlar olub. Əllərindən gələni ediblər, amma xilas etmək mümkün olmayıb. Nicat özü haqqında xoş xatirələr qoyub getdi”, – deyə iş yoldaşları bildiriblər.

Misir xalqı isə Nicat Qocayevi inqilab qurbanları sırasına daxil etdi və həmvətənliləri ilə birgə şəhidlik zirvəsinə qaldırdı. Qayğıkeş iş yoldaşları isə onun otağını olduğu kimi saxlayıblar. Sanki Nicat elə indicə otaqdan çıxıb, qayıdacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar