Minaya düşən Goranboy sakini dəfn olundu
26 Aprel 2011 Çərşənbə Axşamı 23:28
Şabah Əhmədov Tapqaraqoyunlu kəndində salınan yeni qəbiristanlıqda torpağa tapşırılıb
Bəlli olduğu kimi, dünən Goranboyun Tapqaraqoyunlu kəndi ərazisində bir mülki şəxs qoyun otararakən minaya düşərək həlak olub. Bu, Tapqaraqoyunlu kənd sakini 35 yaşlı Şaban Əhmədovdur. Hadisənin baş verdiyi saatlarda ərazidə hava dumanlı olduğundan mərhum yolu itirərək təmas xəttinə yaxınlaşıb. Onun minaya düşməsini sakinlər və ailə üzvləri bir neçə saat sonra öyrənib.
Kənd sakini Mühəndis İsmayılovun sözlərinə görə, Şaban Əhmədov boğazından yaralanmışdı: “Cib telefonu ilə əlaqə yaratmaq istəyib, yəqin əlaqə olmayıb”.
Digər kənd sakini Zaur Qədimov isə bildirib ki, qonşular ora gedəndə, Şabanın dərədə üzü üstə keçindiyini görüb: “Kənd camaatının köməyi ilə gətirdik. Biz gedəndə artıq keçinmişdi. 70-80 baş heyvan idi, hamısı ölmüşdü”.
Ehtimala görə, əvvəl heyvanlardan biri minaya düşüb. Ş. Əhmədov da partlayan minanın qəlpəsi ilə yaralanıb və qanitirmədən dünyasını dəyişib. Tapqaraqoyunlu kəndinin əkin və otlaq sahələrinin əsas hissəsi ermənilərin nəzarəti altında olan ərazidə yerləşdiyindən və qarşı tərəfin mövqelərindən aydın göründüyündən həmin sahələrdən istifadə etmək mümkün deyil. Ona görə yerli əhali tez-tez minaya düşür və ya ermənilərin atəşinə tuş gəlir.
Qeyd edək ki, Ş. Əhmədov Dağlıq Qarabağ münaqişəsi zəminində Tapqaraqoyunluda həlak olan 38-ci kənd sakinidir. O bu gün Tapqaraqoyunluda salınan yeni qəbiristanlıqda torpağa tapşırılıb. Kənddəki qəbiristanlıq erməni mövqelərinin 200 metrliyində yerləşdiyindən qarşı tərəf ərazini aydın müşahidə edir və qəbiristanlığa çıxanlar mütəmadi atəşə tutulur. Buna görə də kənd ağsaqqallarının məsləhəti ilə təmas xəttindən aralıda yeni qəbiristanlıq salınıb və Şabah Əhmədov da burada basdırılan ilk sakindir.
DOSTLARINLA PAYLAŞ: