Xəzər dənizində, Çilov adası yaxınlığında "Mİ-8" helikopterində baş vermiş qəza nəticəsində itkin düşən iki nəfərdən birinin meyiti artıq tapılıb. Bu barədə məlumatı ANS-ə Azərbaycan Hava Yolları qapalı səhmdar cəmiyyətinin xidmət rəisi Məhərrəm Səfərli verib. Onun sözlərinə görə, suyun 85-90 metr dərinliyindəki helikopterin qalığının içində müşahidə olunan meyitin şəxsiyyətini müəyyənləşdirmək hələ ki mümkün olmayıb.
Qeyd edək ki, helikopterin qalıqları dənizin dibindən bu gün çıxarılıcaq. AZAL rəsmisi hazırda hava nəqliyyatının suyun dibindən çıxarılmasına texniki hazırlıqlar aparıldığını bildirib.
Qeyd edək ki, Azərbaycan Hava Yollarına məxsus və neftçilərə xidmət göstərən hava nəqliyyatı iyulun 12-də Günəşli yatağı yaxınlığında qəzaya uğrayıb. Onun içində 3-ü heyət üzvü, 3-ü isə fəhlə olmaqla 6 nəfər olub. Onlardan 4 xəsarət almış, 2-si itkin düşmüşdü. Yaralılardan 2-si artıq xəstəxanadan evə buraxılıb, digər ikisinin müalicəsi davam etdirilsə də, vəziyyəti qənaətbəxşdir.
Helikopterdəki digər iki nəfər Viktor Mostavenko və Rafiq Nemətov isə iki gündür ki axtarılırdı. Qəza ilə bağlı baş prokurorluqda cinayət işi açılıb, istintaq gedir. /ANS PRESS/