Metroda intihar edən şəxsin kimliyi məlum oldu
16 Mart 2010 Çərşənbə Axşamı 10:15
Metroda intihar edən şəxsin kimliyi məlum oldu. Hazırda hadisənin səbəbləri araşdırılır.
Bakı Metropolitenində özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi məlum olub. Nizami Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, bu, Tovuz rayonu "Semzavod qəsəbə" sakini 39 yaşlı Mobil Vidadi oğlu İbrahimovdur. Onun evli və yaxud subay olduğu məlum deyil.

Hazırda rayon Prokurorluğunda onun hər hansı bir xəstəlikdən, yaxud digər səbəblərdən əziyyət çəkib-çəkmədiyi və digər məsələlər araşdırılır.

Qeyd edək ki, ötən gün saat 22.20 radələrində Bakı Metropoliteninin “Məşədi Əzizbəyov” stansiyasında 39 yaşlı sərnişin özünü hərəkətdə olan qatarın altına atıb. Sərnişin hadisə yerində dünyasını dəyişib. Meyidinin relslərin arasından çıxarılması bir müddət qatarların hərəkətində fasilə yaradıb. Belə ki, meyidi çıxartmaq üçün yüksək gərginlikli elektrik xətlərinə verilən cərəyanın verilişi dayandırılıb. Saat 22:40 radələrində isə meyit relslərin arasından çıxarılıb və bundan sonra qatarların hərəkəti tam bərpa olunub.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, meyidin relslərin arasından çıxarılması ilə əlaqədar qatarların hərkətində 20 dəqiqəlik fasilə yaranıb.

Hadisə yerinə Bakı Metropoliteni Polis İdarəsinin və Nizami rayon Prokurorluğunun əməkdaşları cəlb olunub. Qeydə alınmış hadisənin hansı şəraitdə meydana gəldiyinin müəyyənləşdirilməsi üçün “Məşədi Əzizbəyov” stansiyasında quraşdırılmış müşahidə kameralarının da izlənilməsi nəzərdə tutulur.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar