Mərkəzi Bankın əməkdaşlarına cəza kəsildi
18 Sentyabr 2009 Cümə 18:55
Onlar dələduzluq və israfetmə maddələri ilə azadlıqdan məhrum olundular
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluq və mənimsəmə, habelə digər cinayət əməllərində təqsirləndirilən Mərkəzi Bankın 6 sabiq əməkdaşının cinayət işi üzrə məhkəmə keçirilib. Onlar Mərkəzi Bankın 7 milyard AZM mənimsənilməsində ittiham olunur. ANS PRESS-in verdiyi məlumata görə, dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlərə Azərbaycan Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 179 (israfetmə) maddəsi ilə cəza kəsilməsini istəyib.
Hakim Əfqan Hacıyevin sədrlik etdiyi məhkəmənin hökmü ilə təqsirləndirilən Könül İsmayılova, Nazilə Bağırova, Şahnaz Səmədova 10 il, Ərşad Cəlilov 6, Firəngiz Hacıyeva 5, Səbinə Məmmədova isə 3 il azadlıqdan məhrum edilib.
Məhkəmənin istintaq işi başa çatıb.
Xatırladaq ki, Mərkəzi Bankın saxlanc şöbəsinin müdirəsi Firəngiz Hacıyeva, kassa-əməliyyat şöbəsinin müdiri Ərşad Cəlilov Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), xəzinədarlar Şəhnaz Səmədova və Nazilə Bağırova 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2-ci (mənimsəmə və ya israfetmə), Könül İsmayılova 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhvetmə) və hazırda zamində olan Səbinə Məmmədova 314.2-ci (səhlənkarlıq) maddələri ilə ittiham olunurdular. Onlar Mərkəzi Bankdan 2003-2008-ci illər ərzində 1,4 milyon manat pulu mənimsəməkdə təqsirləndirilir.
DOSTLARINLA PAYLAŞ: