Mənzilləri qarət edən şəxslər saxlanılıblar
11 Avqust 2009 Çərşənbə Axşamı 18:00
Qrup üzvlərindən biri əvvəllər də eyni əmələ görə üst-üstə 10 il məhkum edilib

Bakının Binəqədi rayonu ərazisində oğurluqla məşğul olan qrup üzvləri Natiq Qurbanov və Ələsgər Kərimov tutulub. Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin rəisi Hüseyn İmanovun verdiyi məlumata görə, saxlanılan şəxslər təkcə Binəqədi rayonu ərazisində 20 mənzildən və 5 mağazadan oğurluq ediblər. Oğrular mənzillərdən əsasən qızıl əşyaları, məişət avadanlıqları, maqnitafon, DVD oğurlayıblar.

Polis bölməsində aparılan araşdırmalar zamanı məlum olub ki, Natiq Qurbanov və Ələsgər Kərimovun cinayət əməllərindən təkcə Binəqədi rayon sakinləri zərər çəkməyib. Belə ki, təqsirləndirilən şəxslər Bakının əsasən Abşeron, Nizami və Xətai rayonları ərazisində də fəaliyyət göstəriblər. Əvvəllər oğurluq cinayətlərinə görə iki dəfə məhkum edilmiş və üst-üstə 10 il həbsxana həyatı yaşamış Natiq Qurbanov dindirmə zamanı etiraf edib ki, oğurluğa azyaşlı vaxtlarından başlayıb və bu sahədə böyük təcrübəsi var.

Hər iki şəxs barəsində toplanmış materiallar Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib və onlara qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar