Meksikada 11 mindən çox mühacir qaçırılıb
24 Fevral 2011 Cümə Axşamı 11:36
İnsan Hüquqları üzrə Komissiya həyəcən təbili çalır
İnsan Hüquqları üzrə Komissiya 2010-cu ilin son altı ayı ərzində Meksikada 11 min mühacirin qaçırıldığını müəyyənləşdirib. ANS PRESS-in BBC-yə istinadən verdiyi məlumata görə, bu şəxslərin böyük əksəriyyəti Meksikadan ABŞ-a keçmək istəyən Mərkəzi Amerika ölkələri vətəndaşlarıdır. Onlardan çoxu kriminal qruplaşmanın üzvləri tərəfindən ələ keçiriliblər. Komissiya nümayəndələrinin sözlərinə görə, Meksikada mühacirlər əsasən fiziki və seksual təcavüz, dələduzluq, ayrı-seçkiliyin qurbanı olurlar.

“Meksikada olan mühacirlərin dəqiq sayını söyləmək çətindir. Ancaq şahidlərin sözlərinə görə, 2010-cu ilin aprel ayından sentyabrınadək 214 kütləvi qaçırılma halı qeydə alınıb ki, bu hadisələrdə 11333 mühacir qaçırılıb”, - deyə komissiyanın sədri Raul Plasensiya bildirib.

İnsan Hüquqları üzrə Komissiyanın araşdırmalarına görə, Meksikada qaçırılan şəxslərdən 44 faizi Honduras, 16,2 faizi Salvador, 5 faizi Kuba, 4,4 faizi Nikaraqua, yalnız 10 faizi Meksika vətəndaşıdır. Həmçinin qaçırılan şəxslərdən sonradan 1-5 min dollar arasında pul istənildiyi deyilir.

“Onlar məni döyürdülər. Məni məcbur etdilər ki,qardaşıma zəng vuraraq ondan 3 min dollar göndərməsini xahiş edim. Əks halda mənim üçün yaxşı olmayacağına söz verirdilər”, - deyə qaçırılan şəxslərdən biri sonradan öz ifadəsində bildirib.

Qvatemaladan olan bir şəxs isə iki qadının kriminal qruplaşmanın üzvləri tərəfindən qaçırılaraq hər gün zorlandıqlarını komissiya nümayəndələrinin nəzərinə çatdırıb. İnsan hüquqları üzrə komissiyanın sədri Raul Plasensiya isə Meksika hökumətindən miqrantların qaçırılması problemini həll etməyə və ölkədə insan hüquqlarının pozulmasının qarşısını almağa çağırıb.



DOSTLARINLA PAYLAŞ:

oyunlar