Mehrimin avtomobilini oğurlayaraq əziblər
11 Avqust 2011 Cümə Axşamı 03:11
Müğənniyə 5 min manat dəyərində ziyan dəyib
Müğənni Mehrimin avtomobilini qaçıraraq, külli miqdarda ziyan vurublar. Bu barədə Milli.Az xəbər portalına müğənninin özü məlumat verib. O, deyib ki, toy mərasimindən çıxarkən, dəniz kənarında istirahət etdiyi zaman tanımadığı şəxs avtomobilinin açarlarını oğurlayaraq qaçıb.
“Paytaxtımızın məşhur otellərinin birində keçirilən tədbirdə iştirak edirdik. Həmin tədbirdə Samir adlı şəxs də iştirak edirdi. Həmin tədbirdən 2 gün sonra avqustun 1-də paytaxt restoranlarının birindən dostum Cavanşirlə (gənc müğənni Cavanşir Babəlioğlu) toy mərasimindən çıxıb, Mərdəkana dəniz kənarına istirahət etməyə getdik. Təxminən saat 22:30 radələrində dəniz kənarında olduğumuz vaxt ərzində Samir adlı həmin şəxs bizə yaxınlaşaraq, əvvəlcə özünü təqdim edib, sonra masamıza əyləşdi. Söhbət əsnasında Samir gərgin görünürdü. Kiminləsə telefonla danışaraq, mübahisə aparırdı. Samirin mübahisəsi o qədər qızışmışdı ki, kənara çəkilib, söhbətini davam etdirirdi. O, telefonla danışdığı zaman gözdən itdi və təxminən 20 dəqiqə sonra mobil telefonuma zəng gəldi.
Dəstəyi qaldıranda, təəccübləndim. Danışan Samir idi. Səsindən hiss olunurdu ki, həyəcanlı halda, gərgin vəziyyətdə idi. O, mənimlə danışaraq, “Mehrim xanım, özbaşınalıq edib, avtomobilinizin açarını götürdüm. Bir yer var, təcili ora gedib, qayıdacaqdım, tələsdiyim üçün sizə xəbər verməyə macal tapa bilmədim. Maşını sürüb getdim. Hazırda Xəzər rayonunda tikintisi yarımçıq qalmış körpünün üstündə qəza törətmişəm” dedi.
Tələsik hadisə yerinə gəlib, şahidi olduğum mənzərənin qarşısında dondum. Post Patrul Xidmətinin əməkdaşları mənə yaxınlaşaraq, şikayətçi olub-olmadığımı soruşdu. Elə bu vaxt Samir, şikayətçi olmadığımı polis əməkdaşlarına dedi. Mənə isə dedi ki, narahat olma, quldur deyiləm, quldurluq da etməmişəm. Sizə dəymiş ziyanı ödəyəcəyəm”.
Müğənni onu da qeyd edib ki, avtomobili ciddi zədələnib və 5 min manat dəyərində ziyan dəyib:
“Avtomobil arxa tərəfdən əzilib, mənə 5 min manat dəyərində külli miqdarda ziyan dəyib. Hadisədən 10 gün keçməsinə baxmayaraq, bu günə qədər avtomobil təmirdədir. Amma təəssüflər olsun ki, Samir avtomobili təmir etdirmir. Vaxt keçirərək, məni yola verir. Halbuki o, hadisə zamanı mənə demişdi ki, şikayət etmə, avtomobili 3 gün ərzində təmir etdirirəm. Amma mən bunu quldurluq kimi qiymətləndirirəm. Çünki avtomobilin açarlarını oğurlayaraq, özbaşına sürüb, gedib”.
Mehrim bildirib ki, məsələdən Xəzər Rayon Polis İdarəsinin xəbəri olmasına baxmayaraq, hələ də rəsmi müraciət etməyib. Çünki ziyan vuran şəxsə 5 gün müddətində möhlət verib. Əgər dəymiş ziyan ödənilməsə, polisə rəsmi müraciət edəcək.
“Bu quldurluğun qarşısı alınmalıdır. Mənə dəymiş maddi ziyan ödənilməlidir,” - deyə, Mehrim, hüquqlarının müdafiəsi üçün hüquq mühafizə orqanlarına arxayın olduğunu söyləyib.
Müğənniyə məxsus olan 10-VT-757 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobil hələ də təmirdədir.
DOSTLARINLA PAYLAŞ: