Medvedev təyyarə qəzasının baş verdiyi yerə gedəcək
08 Sentyabr 2011 Cümə Axşamı 03:48
Rusiya prezidenti Yaroslavla qabaqcadan planlaşdırılan səfər proqramında dəyişiklik edib
Rusiya prezidenti bu gün Yaroslavl şəhərinə səfər edəcək. Rusiyanın dövlət başçısı Dünya Siyasi Forumunda iştirak etmək üçün bu şəhərə getsə də, 43 nəfərin həyatına son qoyan təyyarə qəzası ilə əlaqədar proqramında dəyişiklik edib.
Dmitri Medvedev əvvəlcə “Tunaşna” hava limanının yaxınlığında faciənin baş verdiyi yerə gedəcək, xüsusi müşavirə keçirəcək, sonra isə forum iştirakçıları ilə görüşəcək.
“Forumdakı çıxışından əvvəl prezident faciənin baş verdiyi yerə getməyi, həlak olanların xatirəsini yad etməyi və müxtəlif qurumların rəhbərləri ilə müşavirə keçirməyi planlaşdırır”, - Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bildirib. Müşavirədə fövqəladə hallar naziri Sergey Şoyqu, nəqliyyat naziri İqor Levitin, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, prezidentin Mərkəzi federal dairədəki daimi nümayəndəsi Oleq Qovorun, eləcə də, Prezident Administrasiyasırəhbərinin birinci müavini Vladislav Surkovun iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gül də Dünya Siyasi Forumunda iştirak edəcək. Onun rusiyalı həmkarı Dmitri Medvedevlə təkbətək görüşü planlaşdırılır.
DOSTLARINLA PAYLAŞ: