Masallıda telefon mağazasını qarət edənlər yaxalanıb
23 Avqust 2010 Bazar Ertəsi 20:10
Saxlanılan şəxslər oğurladıqları telefonların bir neçəsini sata biliblər.
Masallı polisi rayondakı mobil telefon mağazalarına qənim kəsilən şəxsləri yaxalamağa nail olub. Masallı rayon sakini Ağayev Kamran Rafiq oğlu polis şöbəsinə müraciət edərək, ona məxsus olan mağazadan avqustun 18-dən 19-na keçən kecə saat 03:30 radələrində müxtəlif markalı mobil telefonların və telefon aksesuarlarının oğurlanması, danışıq kartlarının götürülməsi barədə məlumat verib. Məlumatla bağlı dərhal əməliyyat istintaq qrupu yaradılıb və hadisənin üstünün isti izlərlə açılmasına nail olunub.
Masallı RPŞ-nin baş əməliyyat müvəkkili Baba Xıdırov ANS PRESS-in bölgə müxbirinə məlumatında bildirib ki, naməlum şəxslər Talışxanov küçəsində yerləşən mobil telefonların satışı dükanına girərək oradan 6 ədəd müxtəlif markalı mobil telefon, 22 ədəd danışıq kartı, 10 ədəd telefon ekranı, telefon batareyaları və mobil telefonlara aid ləvazimatlar oğurlayıblar. Əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin şəxslər rayon sakinləri Şükürov Fariq Gülməmməd oğlu və Vahabov Miriş Səməd oğludur.
Polis işçiləri hər iki şəxsi oğurluq telefonları satarkən yaxalayıb. Məlum olub ki, artıq telefon oğruları bir gün içində iki telefonu satıb, pulunu da xərcləyiblər. Saxlanılan şəxslər oğurladıqları danışıq kartlarını da müxtəlif şəxslərə satmağa müvəffəq olublar.
Hər iki şəxs barəsində rayon polis şöbəsində Cinayət Məcəlləsinin 177. (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, onların digər oğurluq hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: