Masallıda mütəşəkkil dəstə zərərsizləşdirilib
08 Fevral 2011 Çərşənbə Axşamı 09:15
Dəstə rayonda mal-qara oğurluğu ilə məşğul olurmuş
Masallı polisi vətəndaşların halalca mal qaralarını həyətlərindən gecə saatlarında oğurlayaraq dəyər-dəyməzə satan mütəşəkkil dəstəni zərərsizləşdirməyə nail olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, onlar fevralın 2-si gecə saat 24 radələrində rayonun Musakuçə kənd sakini Məmmədov Məzahir Barat oğlunun həyətindəki tövlədən 3 min 200 manat dəyərində 28 baş qoyunu oğurlayarkən ələ keçiblər.

Bu zaman məlum olub ki, bu, onların ilk mal-qara oğurluğu deyil. Yeznə-qayın birliyi çox sahibkarları mal-qarasız qoyub.

Rayon polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Əlifağa Kazımov ANS PRESS-ə verdiyi məlumata görə, görülən tədbirlər zamanı müəyyən olunub ki, göstərilən cinayət hadisəsini 1982-ci il təvəllüdlü Xıl kənd sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Fərzəliyev Şamxal Aydın oğlu və onun bacısının həyat yoldaşı, Ərkivan kənd sakini, 1967-ci il təvəllüdlü Kərimov Əlixan Abuzər oğlu törədib.

“Göstərilən şəxslər tərəfimizdən aşkar olunaraq saxlanılaraq istintaqa təhvil veriliblər. Onların hər ikisi haqqında həbs qəti imkan tədbiri seçilib. Aparılmış araşdırmalar zamanı müəyyən olunub ki, Fərzəliyev Şamxal fevral ayının 4-də Səmidxan kənd sakini Nağıyeva Aida Qəribəli qızına məxsus 5 baş qoyunu da oğurlayıb bazarda satıb. Faktla bağlı istintaq bölməsi araşdırma aparır”, - deyə rəis müavini bildirib.

Qeyd edək ki, oğurluq mallar bazarda dəyər dəyməzinə satılıb. Hadisəni törətməkdə təqsirli bilinən yeznə-qayın barəsində həbs qəti imkan tədbiri seçilib və faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar