Martın sonlarında Xəzərdə batan balıqçının meyiti tapılıb
18 May 2011 Çərşənbə 16:51
53 yaşlı Lənkəran sakininin cəsədi H.Əliyev adına Dərin Özüllər zavodunun arxa tərəfindəki qayalıq ərazidə aşkar edilib
Xəzər dənizində martın sonlarında batan balıqçının cəsədi bu gün tapılıb. Bu barədə ANS PRESS-ə Qaradağ rayon Polis İdarəsinin 38-ci polis bölməsindən məlumat daxil olub. Verilən məlumata görə, bu gün saat 11.40 radələrində H.Əliyev adına Dərin Özüllər zavodunun arxa tərəfində dənizin içindəki qayalıq ərazidə ilişib qalan Lənkəran şəhər sakini, 53 yaşlı Həmidov Seyfulla Eynulla oğlunun meyiti sudan çıxarılıb. Daha sonra meyit aidiyyati üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə mart ayının 28-də baş verib. Sahildən 6-10 kilometr aralıda güclü külək nəticəsində balıqçı qayığı batıb. Hadisə baş verən zaman əraziyə FHN-in Aviasiya dəstəsinə məxsus helikopterlə xilasedicilər göndərilib. Axtarış-xilasetmə əməliyyatları zamanı dənizdən Lənkəran rayon sakini, 1977-ci il təvəllüdlü Babayev Nurid Əziz oğlu xilas edilib. Daha bir Lənkəran sakini, 1957-ci il təvəllüdlü Mehbalıyev Fazil Nadir oğlunun isə cəsədi dənizdən tapılaraq çıxarılıb.
DOSTLARINLA PAYLAŞ: