Marşrut avtobusda söyüşə etiraz edən şəxs bıçaqlandı
01 Dekabr 2011 Cümə Axşamı 06:03
Bıçaqlanan şəxsin yanında olan dostu da möhkəm döyülüb.
Ötən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 30 yaşlı Rzayev Nəsrəddin Ənvər oğlu bıçaq yaraları ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən müayinə olnunan zaman zərərçəkənin sol bud nahiyyəsində bir neçə bıçaq yarasının olduğu müəyyən edilib və dərhal onun üzərində cərrahi əməliyyat aparılıb.
Hadisənin baş vermə səbəblərinə gəlincə, Nəsrəddin Rzayev işdən çıxıb evə gedən zaman 86 saylı sərnişin avtobusunda əvvəlcə naməlum şəxslərlə mübahisə edib. Avtobusda naməlum şəxslərin ictimati asayişi pozaraq sərnişinlərin yanında nəlayiq ifadələr işlətməsinə etirazını bildirən Nəsrəddin elə həmin şəxslərin hücumana məruz qalıb. “Marşurutda söyüş söydülər. Dedim söyməyin qadın var, qoca var. Onun üstündə mübahisəmiz düşdü. Bıçaqladı məni”.
Qeyd edək ki, naməlum şəxslər əvvəlcə Nəsrəddinlə əlbəyaxa olsalar da, sonradan onlara köməyə gələn şəxslər Rzayevi avtobusdan düşürərək ona bıçaqla bir neçə xəsarət yetiriblər. Bir faktı da nəzərinizə çatdırım ki, Rzayevi bıçaqlayan şəxslər hadisə vaxtı onun yanında olan dostu 28 yaşlı Hüseynov Seymur Elburus oğlunu da döyüblər. Amma Nəsrəddindən fərqli olaraq, Seymur hücuma məruz qalarkən həmin şəxslərin bıçaq xəsarətlərindən canını qurtara bilib.
Hadisə barədə məlumat daxil olan kimi Sabunçu rayon polis idarəsi və 13-cü polis bölməsinin əməkdaşları əraziyə yollanıb. Zərərçəkən Nəsrəddin Rzayev və Seymur Hüseynovun izahatları alınıb. Bölmədən aldığımız məlumata görə, hazırda cinayəti törədən şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: