Liviyada daha bir Qərb jurnalisti həlak oldu
21 Aprel 2011 Cümə Axşamı 10:57
Onlardan biri "Getty İmages" beynəlxalq foto agentliyinin müxbiri Kris Hondrasdır
Liviyanın Misrata şəhərində daha bir məşhur fotojurnalist həlak olub. Bu il Oskar mükafatı laueratı britaniyalı fotoqraf və rejissor Tim Heterinqtonun ölümü barədə xəbər vermişdik. Həlak olan igər jurnalist isə "Getty İmages" beynəlxalq foto agentliyinin müxbiri Kris Hondrasdır.
Hər ikisi 40 yaşlarında olan fotojurnalistlər dünyanın bütün qaynar nöqtələrini, o cümlədən İraq və Əfqanıstandakı müharibələri lentə almaqla məşğul olub, bir neçə prestijli beynəlxalq mükafatlara layiq görülüblər. Jurnalistlərin Liviyada birlikdə işlədikləri həmkarları qrupda 8-9 nəfər olduqlarını, onlara atəş açıldıqda ayrılıb təhlükəsiz yerlərə sığındıqlarını, həmin yerə də mərminin düşdüyünü bildiriblər. Hər iki fotojurnalist yaralı halda xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb. Onların daha 2 həmkarı da yaralanıb.
Tim Heterinqtonun öz Twitter səhifəsində yazdığı son şərhi belə olub: "Liviyanın Misrata şəhərindəyəm. Qəddafi qüvvələri heç kimə fərq qoymadan zərbələr endirir. Burada NATO-dan heç bir əsər-əlamət yoxdur."
Qeyd edək ki, Heterinqton və Hondras Liviyada vətəndaş müharibəsini işıqlandırarkən ölən ilk media nümayəndəsi deyillər. Martın 13-də Qətərin "Əl-Cəzirə" telekanalına işləyən operator, martın 19-da isə naməlum şəxslər tərəfindən "Liviya əl-Xurra" telekanalının rəhbəri öldürülmüşdü.
DOSTLARINLA PAYLAŞ: