Lerik - Lənkəran yolunda torpaq sürüşüb
27 Oktyabr 2011 Cümə Axşamı 11:34
Lerik-Lənkəran yolunda torpaq sürüşüb. Yolun sürüşməsi bölgədə böyük problemlər yaradıb.
İntensiv yağan yağış Lerik-Lənkəran yolunun sürüşməsinə səbəb olub. Rayonun Fövqalada Hallar Komissiyasının sədri Habil Məlikovun ANS PRESS-ə verdiyi məlumata görə, Lerik-Lənkəran yolunun 18-ci kilometrində yolun bir hissəsi sürüşüb. “Sürüşmə nəticəsində yolun 3 metrdən artıq hissəsində 50 metrə yaxın yarğan yaranıb. Beləliklə də, yolun bir hissəsi bağlanıb”.
Hazırda rayonda hava hələ də yağıntılı olduğundan Habil Məlikov torpaq sürüşməsinin davam edəcəyindən ehtiyatlandıqlarını bildirib. “Torpaq daha çox yumşalıb. Ona görə də, qorxuruq ki, daha böyük fəsadlar yaransın. Düzdür, hazırda hadisə yerində bizim texnika və fəhlələr çalışır. Amma bu problem dövlət səviyyəsində həll edilməlidir. Bu yola alternativ yol çəkilməlidir”, - deyə Habil Məlikov vurğulayıb.
Habil Məlikov onu da əlavə edib ki, əgər belə davam edərsə, yol hərəkət üçün tamam yararsız olacaq və bölgə ilə əlaqə tamam kəsiləcək.
Xatırladaq ki, 25 oktyabrından yağan güclü yağış Lənkəran rayonunda bir çox fəsadlara da səbəb olmuşdu. Lənkəranda bir çox küçələr və evlər su altında qalmışdı. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hazırda su çəkilməkdədir. Problemin aradan qaldırılması istiqamətində işlər getsə də, havanın yağışlı olması problemin hələ də tam aradan qaldırılmasına imkan verməyib.
DOSTLARINLA PAYLAŞ: