Lənkəranda polislər döyülüb
16 Dekabr 2011 Cümə 10:48
Hadisə nəticəsində polislər 6 nəfəri saxlayıb.
Ötən gün saat 17.30 radələrində Lənkəran rayonunda bir qrup vətəndaş ilə polislər arasında insident baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanabad-2 kəndinin bir qrup sakini dəniz sərhədlərini pozmaqla qanunsuz balıq ovu ilə məşğul olarkən onlardan 9 nəfəri Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.
Bundan xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbçilərə təzyiq göstərib, onların azad olunmalarını tələb ediblər. Daxili işlər orqanlarının hadisə yerinə gələn əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət edib. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərərək, müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. İctimai qaydanı kobud sürətdə pozan və hakimiyyət nümayəndəsinə müqavimət göstərən 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən üçünün izahatı alındıqdan sonra buraxılıb, 6 nəfər isə saxlanılıb.
Qeyd edək ki, fakt üzrə rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
DOSTLARINLA PAYLAŞ: