Lənkəranda dostunu öldürən şəxs tutuldu
19 Oktyabr 2010 Çərşənbə Axşamı 10:10
Lənkəranda dostunu öldürən şəxs Bakı şəhərində ələ keçib.
Azərbaycanın Lənkəranın Liman şəhərində 8 gün bundan əvvəl baş verən qətl hadisəsinin üstü açılıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirtdiyi əməliyyat axtarış tədbirləri nəticəsində dostunu qətlə yetirən 28 yaşlı Kamal Eyvazov 17 oktyabr tarixində Bakı şəhərində tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 120.1 və 128 maddələri ilə ittiham olunur.
Qeyd edək ki, hadisə 11 oktyabr saat 02:00 radələrində Lənkəranın Liman şəhərində baş verib. Kamal Eyvazov, Anar Həbibov və Kamran Səlimov birlikdə yeyib-içdikdən sonra, sərxoş vəziyyətdə evdən çıxıblar. Hər üç tanış Anar Həbibova məxsus avtomaşına əyləşib. Avtomaşınla hərəkət edən zaman tanışlar arasında mübahisə yaranıb və bu zaman sürücü Anar Həbibov təhqiramiz ifadələr işlədib. Kamal Eyvazov isə mübahisə zəminində özündə olan bıçaqla Anar Həbibovu qəsdən öldürmək məqsədi ilə bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vurub. Kamran Səlimov mübahisənin qarşısını almağa çalışarkən, Kamal Eyvazov ona da bir zərbə vuraraq, sağlamlığına yüngül xəsarət yetirib. Anar Həbibov isə aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda keçinib.
Bundan sonra Kamal Eyvazov cinayətdə işlətdiyi bıçağı, ərazidən keçən dəmir yolu xəttinin ətrafına atıb, özü isə istintaqdan gizlənmək üçün Bakı şəhərinə qaçıb. Hazırda Lənkəran rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Kamal Eyvazovla Kamran Səlimov yaxın dost, Kamran Səlimovla Anar Həbibov isə bacanaq olublar.
Hazırda Lənkəran rayon prokurorluğunda istintaq tədbirləri davam etdirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: