Lənkəranda dirəyə çırpılan avtomobil iki hissəyə bölünüb
01 Avqust 2010 Bazar 14:00
Qəza nəticəsində sürücü və onun həmkəndlisi ağır xəsarət alıblar.
Lənkəran-Lerik yolunun 2-ci km-də,yolun Lənkəran rayonunun Darquba kəndindən keçən hissəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəza hadisəsi baş verib. Gecə saat 00.30 radələrində rayonun Sutəmurdov kənd sakini,1980-ci il təvəllüdlü Aqil Azadəli oğlu Qurbanovun idarə etdiyi “Daewoo” markalı avtomaşın Lənkəran istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə yol kənarındakı ağaca çırpılıb, sonra isə çevrilərək arxa yuvarlanıb.
Zərbənin təsirindən maşın 2 hissəyə bölünüb. Nəticədə sürücü Aqil Qurbanov və onun həmkəndlisi, 1980-ci il təvəllüdlü Zamiq Akif oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar hadisə şahidlərinin köməyi ilə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
İşi araşdıran Lənkəran şəhər polis şöbəsinin baş müstəntiqi Rövşən Rəşidovun ANS-ə verdiyi məlumata görə, avtoqəza sürücünün maşını yüksək sürətlə idarə etməsi, bu səbəbdən idarəetməni itirməsi səbəbindən baş verib. Faktla bağlı araşdırmalara başlanılıb, qəzanın baş verməsinin dəqiq səbəbləri öyrənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: