Lənkəranda dəmiryol vağzalı çökdü
19 Aprel 2011 Çərşənbə Axşamı 10:12
Hadisə bir neçə səbəblə əlaqələndirilir
Azərbaycanın Lənkəran şəhərində dəmir yolu vağzalının binasında qəzalı vəziyyət yaranıb. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə dünən səhər saat 06.00 radələrində baş verib.
Binanın çöl tərəfdən tavanı gözlənilmədən çökərək yerə tökülüb. Hadisəni səhər qatarının yolunu gözləyən sakinlər də seyr edib. Hadisə zamanı yaxınlıqda adam olmadığından zərərçəkən olmayıb. Vağzal rəsmiləri binanın qəzalı vəziyyətə düşməsinə səbəb kimi onun köhnə tikili olmasını və yaxınlıqdakı qatarların hərəkətindən binanın deformasiyaya düşməsini göstərib.
Lənkəran dəmir yol stansiyasının rəis müavini Qəribəli Mirzəyev ANS PRESS-ə açıqlamasında bildirib ki, bina 1938-39-cu illərdə tikilib.
"Binanın ətrafından ağır tonnajlı maşınlar seçir. Silkələnmədən tavanı yerə tökülüb. Yağış yağıb, nəm götürüb, dağılıb”, deyə Q. Mirzəyev qeyd edib.
Bina 2009-cu ildə əsaslı təmir edilib. Buna baxmayaraq, çöl tərəfdəki divarlarda çatlar aydın görünür. Olayla bağlı əlaqədar qurumlar məlumatlandırılıb. Stansiyadan bildirilib ki, bu gündən binanın qəzalı vəziyyətə düşən hissəsində təmirə başlanacaq.
DOSTLARINLA PAYLAŞ: