Lənkəranda dəmir yolu xəttində əyləşən kişini qatar vurub
21 Oktyabr 2010 Cümə Axşamı 09:05
Hadisə Salyan – Astara dəmir yolunun 151 km-də baş verib.
Ötən gün Lənkəranda bədbəxt hadisə baş verib. Qatar, dəmir yolu xəttinin üstündə əyləşən Lənkəran sakinini vurub. Yaralı, Lənkəran rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə, günorta saatlarında, Salyan – Astara dəmir yolunun 151 km-də, dəmir yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, maşinist Rabil Cəfərov və onun köməkçisi Səttar Məmmədovun idarə etdikləri qatar, dəmir yol xəttinin üstündə əyləşən Lənkəran şəhər sakini 55 yaşlı Məmmədov Üzeyir İsa oğlunu vurub. Yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxananın qəbul şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yaralı ağır komotoz və posttravmatik şok vəziyyətində qəbul edilib. Həkimlərin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Yaralı, Üzeyir Məmmədov təqribən saat 18:30 radələrində xəstəxanada keçinib. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertizasına göndərilib.
Məhkəmə tibbi eksperti Rafiq Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, meyidin xarici müayinəsi zamanı bədən səthində çoxlu sıyrıqlar aşkar edilib. Onun sözlərinə görə, meyit daxili müayinədən keçirildikdən, nəticələr alındıqdan sonra ölümün səbəbləri müəyyənləşəcək.
Baş verən hadisəni araşdıran Lənkəra rayon prokurorunun köməkçisi Rəşad Tanrıverdi bildirib ki, mərhum alkoqol sərxoşluqdan əziyyət çəkib. Hadisədən bir qədər əvvəl o, spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə dəmir yol xəttinin üstündə əyləşib və nəticədə məlum hadisə baş verib.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: