Lənkəranda 23 yaşlı qızın üzünü yandırdılar
09 Fevral 2011 Çərşənbə 12:35
Faktla bağlı istintaq aparılır
Azərbaycanın Lənkəran şəhər mərkəzi xəstəxanasına dünən axşam saat 21:00 radələrində ağır yanıq xəsarətləri ilə xəstə daxil olub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Lənkəran şəhəri, Şəhidlər xiyabanı küçəsinin sakini, 23 yaşlı Sevinc Bayram qızı İmaməliyevanın naməlum kimyəvi yanıq diaqnozu həkimləri şübhəyə saldığından onlar dərhal Lənkəran şəhər polis şöbəsini məlumatlandırıblar. Lənkəran şəhər polis şöbəsinin əməliyyatçıları dərhal mərkəzi xəstəxanaya gələrək hadisənin araşdırılmasına başlanılıb.

Polis şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, zərərçəkən bildirib ki, evdə olarkən qapı döyülüb. Qapını açdıqda isə maskalı şəxs onun sifət nahiyəsinə kimyəvi maddə tökərək hadisə yerindən qaçıb.

Müstəntiq bildirib ki, faktla bağlı araşdırma aparılır. Toplanan materiallar əsasında qərar veriləcək. Hazırda hadisəni törədən şəxsin müəyyənləşdirilməsi ilə əlaqədar əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Zərərçəkmişin vəziyyətinə gəlincə isə xəstəxananın növbətçi həkimi Mirzə Baxşıyev bildirib ki, Sevinc Bayram qızı İmaməliyeva şəhər sakini mərkəzi xəstəxanasına üzün yuxarı və aşağı ətraflarının naməlum kimyəvi yanıq diaqnozu ilə daxil olub. Xəstəyə lazım olan ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan xəstə valideynləri tərəfindən Bakıya çatdırılıb.

Qeyd edək ki, zərərçəkmiş əvvəl ailəli olub, sonra həyat yoldaşından ayrılaraq valideynləri ilə birgə yaşayıb. İşi araşdıran müstəntiq Elnur Məmmədovun sözlərinə görə, qadının ilk ifadəsində nə qədər səmimi olub olmadığı, ailə üzvləri tərəfindən və digər səbəblərdən təzyiqə məruz qalması istintaq nəticəsində müəyyənləşəcək. Amma yaxınlarının istintaqa ifadə verməkdən yayınması, hadisənin üzü maskalı şəxs tərəfindən, həm də heç bir şahid olmadan törədilməsini demələri qaranlıq məqamlardan xəbər verir.

Faktla bağlı istintaq bölməsində araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar