Lənkəran polisi iki oğurluq hadisəsinin üstünü açıb
23 Oktyabr 2010 Şənbə 16:40
Polis oğurluqda şübhəli bilinən iki nəfəri həbs edib.
Lənkəran şəhər polis şöbəsinin əməkdaşları gecə saatlarında şəhərdə oğurluq edən mütəşəkkil dəstənin iki üzvünü yaxalayıb. Bunlar 1979-cu il təvəllüdlü Zaur Aydın oğlu Əbilov və 1978-ci il təvəllüdlü Elvin Paşa oğluTəhməzovdur.
İşin istintaqı zamanı müəyyən edilib ki, Zaur Əbilov 15 oktyabr tarixində gecə təxminən saat 3 radələrində Elvin Təhməzov ilə qabaqcadan əlbir olub bir qrup şəklində cinayət əlaqəsinə giriblər. Onlar Lənkəran şəhəri Fikrət Məmmədov küçəsi, 19-da saylı evdə yaşayan Nahid Asif oğlu Turabova məxsus “VAZ-21011” markalı 42 BF 262 dövlət qeydiyyat nişanlı avtomobildən "Panasonik" markalı maqnitofonun səs gücləndiricisini, yaddaş kartını, iki ədəd səs paylayıcısını, maşında olan bıçağı, avtomobilin ehtiyat təkərini, avtomobilin açarlarını və bir neçə aksessuarları oğurlayaraq başqa vətəndaşa satıblar.
Oğurluq malları alan şəxs də öz növbəsində onları İran İslam Respublikasına aparıb və orada satıb. Hadisə barəsində Lənkəran şəhər polis şöbəsinə məlumat daxil olan kimi dərhal əməliyyat istintaq qrupu yaradılıb və araşdırmalara başlanılıb.
İstintaq bölməsinin rəisi Polad Mehdiyev bildirib ki, aparılan uğurlu əməliyyat tədbirləri nəticəsində İran Respublikasında satılmış əşyalar götürülərək sahibinə qaytarılıb və hazırda faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs qismində saxlanılan hər iki şəxs barədə rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.
Zaur və Elvinin başqa oğurluqlarda əllərinin olub olmaması və dəstənin digər üzvləri barədə araşdırma aparılır. İkin istintaqa məlum olan budur ki, dəstənin digər ev oğurluqlarında da əli var.
“Aparılan əməliyyat istintaq nəticəsində müəyyən edilib ki, Zaur Əbilov İlham adlı şəxslə əlbir olaraq İlhamın bacısı evindən müxtəlif qab-qacaq, zinət əşyaları oğurlayıb müxtəlif şəxslərə satıblar. Həmin fakt üzrə də araşdırma aparılır”, - deyə istintaq bölməsinin rəisi Polad Mehdiyev bildirib.
Qeyd edək ki, hər iki şəxs narkotik maddələrin aludəçisidir və oğurluq pula narkotik maddələr alırmışlar. Məlumat üçün deyək ki, bu onların ilk məhkumluğu olacaq. anspress
DOSTLARINLA PAYLAŞ: