Kürəkən qaynını qətlə yetirib
20 Aprel 2009 Bazar Ertəsi 12:20
Bacısıgilə qonaq gələn Ədalət Abbasov kürəkəni Telman Məmmədov tərəfindən bıçaqlanıb

 

Bakının Suraxanı rayonunda Yeni Günəşli qəsəbəsində qətl hadisəsi baş verib. ANS-in məlumatına görə, hadisə aprlein 18-də baş verib. Bacısıgilə qonaq gələn 41 yaşlı Yeni Günəşli qəsəbə sakini Ədalət Qəzənfər oğlu Abbasova kürəkəni Telman Mikayıl oğlu Məmmədov bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, bel nahiyəsindən bir bıçaq yarası alan Ədalət Abbasov dünyasını dəyişib.

Telman Məmmədov isə könüllü olaraq polis bölməsinə yollanaraq törətdiyi əməli etiraf edib. Hadisəyə səbəb isə içkili qohumlar arasında düşən mübahisə olub. Belə ki, keçmiş Binə Ticarət Mərkəzində fəhlə işləyən T. Məmmədov hadisə baş verən gün evdə içki qəbul edib. Həmin vaxt evinə qonaq kimi gələn qaynı Ədalət də içkili vəziyyətdə olub.

Müstəntiq Səxavət Süleymanovun ANS-ə verdiyi məlumata görə, hadisə baş verərkən onlar otaqda tək olublar. Bu səbəbdən də mübahisənin necə başlamasını və bıçaqlanmanı görən olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar