Kürəkən 71 yaşlı qaynanasını öldürdü
04 Aprel 2011 Bazar Ertəsi 23:53
Salyandan Sumqayıta qızının evinə gələn Qəribnisə xanım amansızlıqla qətlə yetirilib
Salyandan Sumqayıta qızının evinə gələn Qəribnisə xanım amansızlıqla öldürülüb. Özü də kürəkəni tərəfindən. Belə ki, 71 yaşlı Qəribnisə xanımı kürəkəni evdə qətlə yetirib. Hadisə şəhərin 7-8-12-ci məhəllə ev 11a, mənzil 23-də qeydə alınıb. 43 yaşlı Sərdar Abbasov ailə münaqişəsi zəminində cəmi 2 gündür ki, evinə qonaq gələn qayınanası 71 yaşlı Qəribnisə Hüseynovanı qətlə yetirib.
S.Abbasov qayınanasını qətlə yetirərkən balta və bıçaqdan istifadə edib. Sumqayıt polisinin keçirdiyi əməliyyat zamanı Sərdar yaxalanıb. Abbasovlar ailəsinin qonşuları isə onların 10 ilə yaxındır ki, adıçəkilən ünvanda yaşadığını və problemsiz ailə olduğunu deyirlər.
Sərdar Abbasov 2 övlad sahibidir. Qızının biri ailəli, biri isə tələbədir.
Faktı araşdıran Sumqayıt şəhər Prokurorluğundan isə hadisə baş verərkən Abbasovun ailə üzvlərinin də evdə olduğunu öyrənmək mümkün olub. Onlar S. Abbasovun əlindən qaçmağa nail olsalar da, 71 yaşlı qadın bunu edə bilməyib və məlum qətl hadisəsinin qurbanı olub. Təqsirləndirilən şəxsi dindirərkən onun psixoloji problemlərinin olması da şübhə doğurduğundan prokurorluq bu sahədə də müvafiq ekspertiza təyin edib.
Hələlik hadisənin motivi məlum deyil. Amma bu sahədə bir çox versiyalar irəli sürülür. Onlardan biri kimi S. Abbasovun bu yaxınlarda qızının boşanması göstərilir. Deyilənə görə, son zamanlar ata qızının başına gələnlərə görə çox fikir çəkirmiş və elə bu da onun əsəblərinin pozulmasına səbəb olub. Artıq faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq davam edir.
DOSTLARINLA PAYLAŞ: