Kollec direktorunun evi oyuncaq tapança ilə soyuldu
10 Dekabr 2009 Cümə Axşamı 13:45
Kollec direktorunun evi oyuncaq tapança ilə soyuldu. Tənzilə Şıxıyeva hələ də şokdadır.
Ağdaş rayon Dövlət Humanitar Kollecinin direktorunun evinə maskalı şəxslər basqın edib.

Ağdaş rayon Polis Şöbəsinin müstəntiqi Şirazi Qasımzadənin ANS PRESS-ə verdiyi məlumata görə, bu gün saat 00.40 radələrində iki nəfər maska taxmış şəxs kollecin direktoru Tənzilə Şıxıyevanın C.Məmmədquluzadə küçəsi 64-də yaşadığı evinə daxil olub. Onlar ev sahibi və onun həyat yoldaşını silahla hədələyərək mənzildən xeyli pul aparıblar. Naməlum şəxslər silahı evdə ataraq gediblər.

Hadisə yerinə gəlmiş hüquq-mühafizə orqanı əməkdaşları evdən tapılan tapançanın oyuncaq olduğunu müəyyən ediblər.

Müstəntiq Şirazi Qasımzadənin sözlərinə görə, ev sahibi şokda olduğundan mənzildən nə qədər pulun aparılmasını söyləyə bilməyib.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində Azərbaycan Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar