Kilsə davası...
01 Avqust 2011 Bazar Ertəsi 21:31
Gürcüstanda ermənilərlə gürcülər arasında ciddi münaqişənin əsası qoyulmaqdadır
Gürcüstanda ermənilərlə gürcülər arasında ciddi münaqişənin əsası qoyulmaqdadır. Narazalığın adını belə də qoymaq olar: kilsə davası. Bu məsələdə dindar gürcülər erməni keşişlərini tarixi saxtalaşdırmaqda ittiham edir.
Gənc İrina kilsəyə həftədə bir dəfə gedir. Son vaxtlar isə onun dini məbədə ziyarətlərinin sayı artıb. Elə Allaha etdiyi ənənəvi duası da dəyişib. Gənc gürcü qızı Tanrıdan ölkəsinin siyasi rəhbərliyi ilə dini rəhbərliyi arasında yaranmış ciddi narazılığın tezliklə bitməsini arzulayır. Amma görünən odur ki, bu xəmir hələ çox su aparacaq. Son iki həftədir gürcü dini lideri və prezident Saakaşvilinin arasından sanki qara pişik keçib.
Siyasi rəhbər hələlik sussa da, patriarx II İlya ölkə iqtidarına qarşı tənqid və etiraz dolu çıxışlarını günbəgün sərtləşdirir. Hər şey isə ermənilərin katolikosu Qareginin Gürcüstana səfərindən sonra başlayıb. İkisi də xristian dininə sitayiş etsə də, erməni və gürcü kilsələri arasında xeyli fərq var. Amma təkcə fərq yox, eyni zamanda narazılıq var.
İş burasındadır ki, ermənilər Gürcüstanın ən müxtəlif ərazilərində daha 10 erməni kilsəsinin tikilib istifadəyə verilməsini və bunun üçün yer ayrılmasını tələb edir. Gürcü kilsəsi isə kompromisə gəlmək istəyir. Ermənilərə deyirlər ki, “Siz də oxşar addım atın, ortada narazı olan qalmasın. Yəni Ermənistanda da Gürcüstan kilsələri tikilsin”.
Amma erməni kilsəsi bu təklifi birmənalı şəkildə rədd edir. Tiflisdə ermənilərin katolikosu Qaregin iddia edib ki, ta qədim dövrlərdən Gürcüstanda çoxlu sayda erməni kilsəsi olub, amma Ermənistanda oxşar vəziyyət müşahidə olunmayıb. Odur ki, gürcü tərəfi sadəcə alver etmək istəyir.
Gürcüstandakı erməni kilsəsinin mətbuat xidmətinin rəhbəri Mixail Qevorkyanın sözlərinə görə, onlar katolikoslarının dedikləri ilə tam razıdır: “Gürcüstanda erməni kilsələrinin sayı artırılmalıdır. Çünki Gürcüstanda 200 mindən çox erməni yaşayır. Digər tərəfdən vaxtilə burada xeyli erməni kilsəsi olub ki, onları dağıdıblar”.
Gürcü ekspertlər isə erməni kilsəsinin bu mövqeyinə artıq ad da qoyublar: - dini şantaj. Gürcü dini ekspert Georgi Xuxaşvili deyir ki, ermənilər bu dəfə artıq Gürcüstan ərazisinə yox, gürcülərin dininə göz dikiblər: “Bizim müqəddəs saydığımız dinimizə təcavüz etmək istəyirlər. Əvvəl kilsə tikdirəcəklər, bir müddət keçəndən sonra deyəcəklər ki, elə bu torpaqlarda ta qədimdən onlar olub”.
Bu azmış kimi, səfərdən dərhal sonra ermənilər Qareginin II İlya ilə qapalı müzakirələrində çəkilən video görüntünü internetə yerləşdirib. Erməni katolikosu gürcü patriarxını hansısa razılaşmaları pozmaqda ittiham edir, özündən yaşca böyük şəxslə etikaya sığmayan tərzdə danışır, sanki gürcülərə öz adətlərindən dərs keçməyə çalışır. Bu video sadə gürcüləri hiddətləndirib. Gürcülərin 78 yaşlı patriarxı II İlya isə məsələyə öz ahıl yaşına yaraşacaq tərzdə qısa, lakin tutarlı münasibət bildirib: “Qaregin cavandır və əlbəttə ki, onun təcrübə yığmasına ehtiyac var”.
II İlyanın bu açıqlamasından az keçməmiş vəziyyət yenidən gərginləşib. Amma gərginliyə səbəb bu dəfə erməni kilsəsi ilə mübahisədə neytral olmağa çalışan Gürcüstan höküməti olub. Gürcü parlamenti ölkədə fəaliyyət göstərən dini təşkilatlara hüquqi status verilməsi ilə bağlı qanun qəbul edib. Prezident Saakaşvili də bu sənədi təsdiqləyib.
Qanun dini təşkilatlara hüquqi şəxs kimi sərbəst ictimai fəaliyyətlə məşğul olmağa icazə verir. O cümlədən, erməni kilsəsinə. Yeri gəlmişkən, bu qanun həmçinin Gürcüstan Müsəlmanlar İdarəsinin statusunu da müəyyən edib. Bununla da rəsmi Bakının narazılığına rəğmən Gürcüstanda yaşayan müsəlmanların Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqələrinə xitam verilib. Baş verənlərdən şoka düşən gürcü keşişlər hökumətin bu addımına arxadan vurulan zərbə deyirlər.
İndi dindar gürcülər qanunla bağlı narazılıqlarını geniş dinc etiraz aksiyası keçirməklə bildirirlər. Hər dəfə də aksiyada iştirak edən sadə vətəndaşların sayı artır. Bununla belə hökumət təmsilçiləri yaranmış qalmaqala münasibət bildirməyə tələsmir. Onlar “susmaq qızıldır” deyib, danışmamağa üstünlük verir. Elə gənc gürcü qızı İrinanın kilsədə etdiyi duanın arzusunun çin olması da, indi elə Saakaşvili hökumətinin susqunluğu pozub-pozmayacağından asılıdır.
DOSTLARINLA PAYLAŞ: