Keçmiş "zek" 20 yaşlı gənci ürəyindən vurdu
17 May 2011 Çərşənbə Axşamı 12:09
Qanlı hadisəyə onun başqasını siqaret dalınca göndərmək istəməsi səbəb olub...
Bakının Nəsimi rayonu ərazisində 20 yaşlı gənc ölümcül bıçaqlanıb. Rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə Mərdanov qardaşları küçəsində baş verib. Bakı şəhər sakini 20 yaşlı Akif Musayev döş qəfəsindən aldığı bıçaq xəsarətləri ilə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.

Gənc oğlanın qanını axıdan şəxs isə qısa zamanda həbs edilib. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən 25 yaşlı Bakı sakini Həmid İsmayılov tutulub.

İşin istintaqını aparan Nəsimi rayon Polis İdarəsinin müstəntiqi Müşfiq Qubadov bildirib ki, iki gənc arasında münaqişə Səbail rayonu ərazisində yerləşən “Metro klub” gecə barında başlayıb. Belə ki, Həmid İsmayılov barda əylənərkən ürəyi siqaret istəyib. Lakin siqaret almağa həvəsi olmadığından bunu başqasına etdirmək istəyib. Onun gözü qonşu stolda əyləşən Akif Musayevə sataşıb. Akifi siqaret almaq üçün buyurması onun xoşuna gəlməyib. Akifin ona etiraz etməsi mübahisəyə səbəb olub.

Mübahisəni bardan kənarda davam etdirən gənclər mübahisə edə-edə Mərdanov qardaşları küçəsinədək gəliblər. Elə həmin küçədə Həmid cibində gəzdirdiyi bıçaqla Akifə döş qəfəsindən iki zərbə vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Onu da əlavə edək ki, bu cinayət Həmid İsmayılovun ilk cinayət əməli deyil. O, bu vaxta kimi artıq həbsxana həyatının dadına baxıb. Belə ki, əvvəllər soyğunçuluq və dələduzluq etdiyinə görə iki dəfə məhkum olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar