Keçmiş məhkumların içki məclisi ölümlə başa çatıb
17 Avqust 2010 Çərşənbə Axşamı 18:10
Səbail rayon Hərbi Komissarlığının keçmiş binasında törədilən qətlin üstü açılıb.
Avqustun 12-də Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığının keçmiş inzibati binasının ikinci mərtəbəsində aşkar edlmiş kişi meyitinin şəxsiyyəti və qətli törədən şəxsin kimliyi müəyyənləşib. Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, qarın nahiyyəsində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarəti olan meyitin şəxsiyyəti müəyyənləşdirilərkən, onun 1961-ci il təvəllüdlü, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Məcidov Maksim Həmidoviç olması müəyyənləşdirilib.

Hadisə yerinə baxış keçirilərkən, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan bir ədəd mətbəx bıçağı götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1962-ci il təvəllüdlü, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhər sakini Şıxəliyev Xanlar Şükür oğlu avqustun 16-da saat 17:00 radələrində Xaçmaz rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

X.Şıxəliyev şübhəli şəxs qismində dindirilərkən hadisəni şəxsi münasibətlər zəminində aralarında baş vermiş mabahisə zamanı törətdiyini etiraf edib. Belə ki, onlar avqustun 10-da saat 23:00 radələrində qeyd edilən ünvanda spirtli içki qəbul etdikdən sonra aralarında yaranmış mübahisə zamanı X.Şıxəliyev üstündə gəzdirdiyi mətbəx bıçağı ilə M.Məcidovun qarın nahiyyəsinə bir zərbə vurmaqla bıçağı hadisə yerinə ataraq həmin ünvandan uzaqlaşıb.

Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar