“Kamaz” markalı maşın qoşqusu ilə birlikdə kül oldu
26 İyul 2010 Bazar Ertəsi 17:00
“Kamaz” markalı maşına yüklənmiş ot bağlamaları erlektrik naqillərinə toxunub
Bu gün saat 10:00 radələrində Masallı rayonunun ucqar dağ kəndlərindən sayılan Xanaliyon kəndində “Kamaz” markalı maşının qoşqusundakı ot bağlamalarının alışması səbəbindən güclü yanğın hadisəsi baş verib. Hadisə barədə FHN-nin Masallı rayon Yanğından Mühafizə Hissəsinə saat 10.16-da məlumat daxil olub və dərhal hadisə yerinə 2 yanğınsöndürən maşın göndərilib.
Qeyd edək ki, yanğın Neftçala rayonunun Qaçaqkənd sakini, 1969-cu il təvəllüdlü Rəcəbov Müşfiq Qədiməli oğlunun idarə etdiyi “Kamaz” markalı 47 AC 196 dövlət nömrə nişanlı avtomaşında baş verib. Sürücü maşının kəndin içində qəfil alışdığını görəndə avtomaşını 200 metrə qədər təhlükəsiz hissəyə qədər apara bilsə də, maşın və qoşqusu içindəki 680 ədəd preslənmiş ot bağlaması ilə birgə tamamilə yanıb. Avtomaşının sürücüsü hadisənin hansı səbəbdən baş verdiyini həyəcandan dəqiq xatırlamadığını, ona yanğın nəticəsində 15 min manat ziyan dəydiyini bildirib.
Hadisə şahidləri isə kəndə elektrik xətlərinin düzgün çəkilmədiyini, alçaqdan çəkilmiş elektrik xətlərinin tez-tez qəzaya səbəb olduğunu bildirirlər.
Qeyd edək ki, yanmış ot bağlamaları yol boyunca sürətlə hərəkət edən maşının üzərindən düşdüyündən kənd sakinlərinin fərdi yaşayış evləri üçün ciddi təhlükə yaranıb. Sakinlərin yanğınsöndürənlərlə birgə yardımı sayəsində yayranmış təhlükə aradan qaldırılıb.
FHN-nin Masallı rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini Rakif Haşımovun ANS-ə verdiyi məlumata görə, yanğına səbəb ot bağlamalarının elektrik naqillərinə toxunması, bu səbəbdən də qısa-qapanma yaranması, maşının və içindəki ot bağlamalarının ani olaraq alışması olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: