İsrailin Qahirədəki səfirliyi mühasirəyə alındı
20 Avqust 2011 Şənbə 05:33
Minlərlə adam Misir-İsrail əlaqələrinin dayandırılmasını, səfirin qovulmasını tələb edir
Minlərlə misirli bu gecə paytaxt Qahirədə İsrail səfirliyinin yerləşdiyi binanı mühasirəyə alıb. Onlar İsrail bayrağının endirilməsini tələb edirlər.

İsrailin Qahirədəki diplomatik missiyasının binası qarşısında etiraz aksiyası ötən gün səhərdən keçirilir. Aksiya İsraillə sərhəddə misirli polis əməkdaşlarının ölümü ilə bağlıdır. Gündüz saatlarında mitinq sakit keçsə də, axşama doğru iştirakçıların sayı artıb, bir qrup şəxs binanın ətrafındakı hasarı uçurub.

İsrail səfirliyi çoxmərtəbəli binanın iki yuxarı mərtəbəsində yerləşir. Binada yaşayış mənzilləri və ofislər də var.

Misir polisi səfirliyi mühafizəsini gücləndirib. Misir ordusunun generalları da hadisə yerindədirlər. Onlar nümayişçiləri sakitləşdirməyə çalışsalar da, aksiya iştirakçıları generallara qulaq asmaq istəməyiblər.

Əllərində Misir bayraqları olan aksiya iştirakçıları İsrail əleyhinə şüarlar səsləndiriblər və rəsmi Qahirəni İsraillə münasibətləri dərhal dayandırmağa, İsrail səfirini isə ölkədən qovmağa çağırıblar. Onlar xəbərdarlıq ediblər ki, diplomatların diplomatik missiyanı tərk etməsinə imkan verməmək üçün səfirlik binasına gedən yolu bağlayacaqlar.

Binanın yerləşdiyi ərazisini ordu və polis dəstələri qoruyur. Girişdə isə Misir ordusunun zirehli texnikası dayanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar